“ABŞ Cənubi Qafqazdakı sülh prosesində təşəbbüsü Rusiyanın əlindən alıb” – SİYASİ EKSPERTbackend

Xəbər verdiyimiz kimi, erməni mediası Azərbaycan və Ermənistan liderlərinin mayın ikinci yarısında Vaşinqtonda görüşəcəyi barədə məlumatlar yayıb.”Avropa Şurasının rəhbəri Şarlz Mişel Azərbaycan və Ermənistan başçıları ilə son söhbətlərində daim ölkələr arasında münasibətlər və danışıqlar, sərhəd insidentləri ilə bağlı məsələləri qaldırır” -Ermənistan KİV-i Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən yazır.

Lakin Vaşinqtonda danışıqları davam etdirmək üçün tərəflərin mövqeləri üst-üstə düşür.Mənbələr deyir ki, görüşün təşəbbüskarı olan ABŞ dövlət katibi Entoni Blinken çox fəal işləyir.

Mövzu ilə bağlı “Yeni Gundem”-ə danışan siyasi şərhçi Elçin Xalidbəyli hesab edir ki, Rəsmi Bakı öz hədəflərini Azərbaycan ordusunu hərəkətə gətirməklə, davamlı olaraq, reallaşdırır.

“Ermənistan son vaxtlara qədər sülh prosesindən mümkün qədər uzaqlaşmağa çalışırdı. Hətta rəsmi İrəvan müxtəlif bəhanələrlə yüksək səviyyəli görüşlərdən yayınırdı. Və bununla da Cənubi Qafqazda sülh prosesini müvəqqəti də olsa, bloklayaraq, vaxt qazanmağa cəhd göstərirdi.
Ancaq rəsmi İrəvanın ümidləri özünü doğrultmadı. Ermənistan bu müddət ərzində vaxt qazanmaq əvəzinə vaxt itirmiş oldu. Cənubi Qafqazda geopolitik proseslər Ermənistanın əleyhinə yönəlmiş oldu. Azərbaycan ordusu əlavə hərbi-strateji üstünlüklər qazandı. Ona görə də, indi sülh danışıqları Azərbaycandan daha çox məhz Ermənistana lazımdır. Rəsmi Bakı öz hədəflərini Azərbaycan ordusunu hərəkətə gətirməklə, davamlı olaraq, reallaşdırır. Ermənistan isə buna hər hansı formada cavab verə bilmir. Üstəlik, ABŞ və Qərb də Ermənistana rəsmi İrəvanın umduğu səviyyədə dəstək verməyə qətiyyən həvəs göstərmir. Yəni, indi Ermənistanın sülh danışıqları masasına qayıtmaqdan başqa çıxış yolu qalmayıb”,- o dedi.

E.Xalidbəylinin fikrincə, ABŞ və Qərb Cənubi Qafqazdan Rusiyanın sıxışdırılıb, çıxarılması prosesini sürətləndirməyə çalışır.

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bu prosesdə həlledici faktor rolunu oynayır. Ona görə də, indi məhz ABŞ Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli görüşlərin keçirilməsində birbaşa maraqlıdır. Üstəlik, ABŞ bu görüşlərdən mütləq pozitiv nəticələr almaq niyyətində olduğunu sezdirir. Yəni, hazırda ABŞ Cənubi Qafqazdakı sülh prosesində təşəbbüsü Rusiyanın əlindən alıb. Bütün bunları nəzərə aldıqda, gələn ay Vaşinqtonda Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli görüşün keçirilmə ehtimalı kifayət qədər inandırıcı görünür. Və həmin görüşlərin pozitiv nəticələr verə biləcəyi də qətiyyən istisna deyil”,- deyə o qeyd edib.

Fərahim Rəhimov