ABŞ-ın dünyada silah satışı rekordu qırdıbackend

Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ-dakı dövlət və ya özəl şirkətlərin digər ölkələrə silah satışı rekordu ilə 2023-cü ili bağladı.

ABŞ-ın ümumi silah satışı 238 milyard dollar təşkil edib. Bunun 81 milyard dolları birbaşa dövlət satışlarından əldə olunub. 2023-cü ildə bu məbləğ əvvəlki ilə nisbətən 56 faiz artıb.

Digər satışlar ABŞ müdafiə sənayesi şirkətlərinin digər ölkələrlə bağladığı müqavilələrə aiddir.

Ukraynanın qonşularından biri olan Polşa ABŞ ilə ən böyük silah müqaviləsi bağlayan ölkələr sırasında idi.

Polşa 12 milyard dollara Apache helikopterləri, 10 milyard dollara çoxbarrelli Himars raket sistemləri və 3,75 milyard dollara M1A1 Abrams tankları alıb.

Dekabrda vəzifəsinin icrasına başlayan Polşanın baş naziri Donald Tusk əvvəlki mühafizəkar hökumətin ordunun modernləşdirilməsi proqramının davam edəcəyini açıqlayıb. Buna uyğun olaraq məqsəd “Polşanı Avropanın ən böyük quru dövləti” etməkdir.

Almaniya Chinook helikopterlərinə 8,5 milyard dollar xərcləyib. Bolqarıstan 1,5 milyard dollar dəyərində Stryker zirehli maşını aldığı halda, Norveç 1 milyard dollar dəyərində helikopter alıb.

Çexiya F-35 təyyarələri və arsenal üçün 5,6 milyard dollar ödəyib.

ABŞ Dövlət Departamenti illik təqdimatında “Müdafiə və silah ticarəti ABŞ-ın uzunmüddətli regional və qlobal təhlükəsizliyə təsir edəcək mühüm xarici siyasət alətləridir” deyib.

Nazirlik əlavə edib ki, Rusiyadan uzaqlaşan ölkələrin aldığı silahlar da satışları artırıb. Rusiya ABŞ-dan sonra ikinci ən çox silah satan ölkədir.

ABŞ prezidenti Co Bayden administrasiyası iddia edir ki, onların Ukraynaya verdiyi dəstək silah satışı ilə də ölkə iqtisadiyyatına töhfə verir. Bununla belə, ABŞ siyasətində Ukraynaya birbaşa dəstəyə qarşı müxalifət də artır.

Çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberqin Alabamadakı Lockheed Martin raket qurğusuna baş çəkəcəyi və ABŞ müdafiə sənayesinin alyans üçün əhəmiyyətini vurğulayacağı gözlənilir.

Avropa xaricindəki alışlara nəzər saldıqda Cənubi Koreyanın 5 milyard dollarlıq F-35 alması, Avstraliyanın 6,3 milyard dollarlıq C130J-30 təyyarəsi alması və Yaponiyanın E-2D təyyarələri üçün 1 milyard dollarlıq müqaviləsi diqqəti çəkir.

Mənbə: hurriyyət.tr

Aynur Camal