ABŞ Türkiyəyə təşəkkür etdibackend

Prezident Ərdoğan Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək G-20 sammiti öncəsi Rusiyaya səfər edəcək.

“Yeni Gundem” xəbər verir ki, iki lider arasındakı kritik görüşdə Ukrayna müharibəsi və bütün dünyaya təsir edən taxıl dəhlizi böhranı müzakirə olunacaq. İyulun 17-də başa çatan və xüsusilə Afrika ölkələri üçün həyati əhəmiyyət kəsb edən taxıl müqaviləsinin yenidən aktivləşdirilməsi üçün masada bir çox variant var.

Türkiyənin Rusiyanı razılaşmaya qaytarmaq səyləri davam edərkən, ABŞ Dövlət Departamenti Qara dəniz Taxıl Dəhlizi Sazişi çərçivəsində atılan addımlara görə Türkiyəyə təşəkkür edib.

Mövzu ilə bağlı açıqlamasında ABŞ Dövlət Departamentinin sözçüsü Rusiyanın taxıl təşəbbüsünə son qoyma qərarının qida təhlükəsizliyi ilə mübarizə aparan cəmiyyətlərə zərər verdiyini ifadə edərək, “Türkiyə və digər ölkələrin Rusiyanı razılaşmaya qaytarmaq səylərini alqışlayırıq” deyib.

Sözçü taxıl təşəbbüsünün mümkün və funksional olması üçün böyük səylər göstərən Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyə ilə əlaqə saxladıqlarını qeyd edib. “Biz NATO müttəfiqimiz Türkiyəyə Qara Dəniz Taxıl Dəhlizi Sazişi kontekstində göstərdiyi diplomatik və əməliyyat səylərinə görə təşəkkür edirik”.

Sözçü Türkiyənin davam edən konstruktiv rolunu da alqışladıqlarını bildirib. Digər tərəfdən, prezident Ərdoğanın səfərindən əvvəl xarici işlər naziri Hakan Fidan Rusiyaya gedəcək. Bu gün keçirilməsi gözlənilən iclasda taxıl dəhlizi sazişinə alternativ təkliflərin gündəmdə olması gözlənilir.

Rusiya Xarici İşlər Nazirliyi Qətərin maliyyə dəstəyi ilə Türkiyəyə güzəştli qiymətlə bir milyon ton taxıl göndərəcəyini və bu taxılların Türkiyədə emal olunaraq ehtiyacı olan ölkələrə göndərilə biləcəyini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında “Biz bu layihəni Qara dəniz razılaşmasına ən uyğun iş alternativi kimi görürük” ifadəsi işlədilib.

Mənbə: TGRT

Aynur Camal