8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Naxçıvan şəhərində “Qadınlar və güllər” devizi ilə rəsm əsərlərindən ibarət sərgi-satış təşkil olunub.
“Yeni Gündəm” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən sərgidə muxtar respublikanın mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Tədbirdə Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi qadınlar ölkəmizdə həmişə uca tutulub. Milli varlığımızın ifadəsi olan çoxəsrlik milli mənəvi dəyərlərimizin yaranmasında və təşəkkül tapmasında, bu günədək yaşadılmasında misilsiz xidmətləri olan qadınlar hər bir rəssamın yaradıcılığının da ilham mənbəyidir.
Tədbirdə digər çıxış edənlər qadınların cəmiyyətdəki rolundan, zərif cinsin nümayəndələrinin ictimai və mədəni həyatımızdakı uğurlarından bəhs edib, onlara bayram təbriklərini çatdırıblar.
Sonra sərgiyə baxış olub. Qadın ülviyyəti, zərifliyi və istedadı sərgilənən əsərlərin əsas motivini təşkil edib.
Şəhər sakinlərinin də marağına səbəb olan sərgidə 20 rəssamın mənzərə, portret və digər janrlarda çəkdiyi 36 rəsm əsəri və digər əl işləri nümayiş etdirilib.