Misirdə səfərdə olan Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 11-də Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.
“Yeni Gundem”-in AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüş zamanı vitse-spiker Adil Əliyev bu il Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar ölkə daxilində və xaricdə müxtəlif tədbirlərin keçirilməsindən söz açıb, Misirin paytaxtı Qahirə şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq kikboksinq yarışının təşkil olunmasını yüksək dəyərləndirib.
Adil Əliyev müasir və müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və suverenliyinin xilası və möhkəmləndirilməsində əvəzsiz rolundan və müstəsna xidmətlərindən bəhs edərək, ölkəmizin bu gün Heydər Əliyev siyasətini və ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə lider dövlətlərdən birinə çevrildiyini bildirib.
Vitse-spiker Misir Senatının sədrinə regiondakı postmüharibə dövrünün reallıqları, Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan ərazilərində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, 30 ildən artıq məcburi köçkün həyatı yaşamış Azərbaycan vətəndaşlarının öz yurd-yuvalarına qayıtmaları prosesi artıq başlayıb.
Söhbətdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.