Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun dördüncü iclasında nələr müzakirə edildi? – ƏTRAFLIbackend

Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun dördüncü iclasının təfərrüatları məlum olub.

“Yeni Gundem” xəbər verir ki, iştirakçılar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, regional təhlükəsizlik məsələlərini və Aİ-nin regionda sülh və sabitliyin dəstəklənməsində rolunu müzakirə ediblər. Xarici siyasət və təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu vurğulanıb.

Enrike Mora, Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi məsələlər üzrə baş katibinin müavini:

Dördüncü Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqumuz zamanı Aİ xarici və təhlükəsizlik siyasəti məsələlərində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, həmçinin sülh, təhlükəsizlik və sabitlik naminə, xüsusən də Rusiyanın müharibəsi ilə yadda qalan hazırkı çətin beynəlxalq kontekstdə işləməyə hazır olduğunu bir daha təsdiqlədi.

Aİ sabit, dinc Cənubi Qafqazın qurulmasına töhfə vermək məqsədi ilə hərəkət edir. Aİ-nin əsas marağı ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması irəliləsin. Aİ Avropa Şurasının prezidenti Çarlz Mişelin köməyi ilə üçtərəfli Brüssel formatı da daxil olmaqla sülh prosesini dəstəkləməyə hazırdır.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev:

Azərbaycan Aİ-nin regionda etibarlı tərəfdaşıdır və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Azərbaycan regionda sülh və sabitliyi fəal şəkildə təşviq edir və terrorizm, radikalizm, qeyri-qanuni miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə qlobal səylərə töhfə verir.

Hazırda Azərbaycan öz ərazilərində misli görünməmiş bərpa işləri və minalardan təmizləmə işləri aparır. Biz minalarla mübarizə sahəsində Aİ-nin maliyyə dəstəyini yüksək qiymətləndiririk.

Azərbaycan Ermənistana ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin beş əsas prinsipini təqdim edib.

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüslərini, o cümlədən Avropa Şurasının prezidenti Çarlz Mişelin köməyi ilə Brüssel sülh prosesini dəstəkləyir.