Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Laçın şəhərində – FOTObackend

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilatçılığı ilə Avtomobil Səyyar Klinikası tərəfindən Laçın şəhərində əhali üçün ikigünlük oftalmoloji tibbi müayinələr aparılır.

Səyyar oftalmoloji müayinələrin başlıca məqsədi vətəndaşların operativ şəkildə müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.

Tibbi aksiyanın ilk günündə 100-ə yaxın sakin oftalmoloji müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 200-ə yaxın vətəndaşın müayinədən keçməsi planlaşdırılıb.

Aksiya zamanı qeyd olunub ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.
Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi dr. Lamiyə Həsənzadə və rezident dr. Nuranə Ələkbərova tərəfindən həyata keçirildi.

Aksiyada Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini dr. Nəzərli Ceyhun, Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri dr. Abdıyeva Yazgül, Səyyar Klinikanın baş həkimi dr. Həsənov Elçin, mühəndis Hüseynov Tural, Təşkilat şöbəsinin işçisi Qurbanova Leyla iştirak etdilər.