Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 10 may 2024-cü il tarixində Gəncə şəhərində Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş XIII Regional konfrans keçirildi.
“Yeni Gundem” bildirir ki, konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, oftalmologiyanın aktual məsələlərini müzakirə etmək həmçinin region həkimlərinin bu konfranslarda iştirakını təmin edərək, onların inkişafına dəstək olmaqdan ibarətdir.
Konfransda Bakı, Qobustan, Şəki, Gəncə, Göranboy, Yevlax, Bərdə, Ağstafa, Göyçay və digər rayonlardan mütəxəssis və alimlər iştirak etdi.
Konfransı giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, prof. Elmar Qasımov açıb.
10 may- Ulu Öndər Heydər Əliyevin doğum gününə təsadüf edən konfransda E.Qasımov ilk olaraq Ulu öndərin səhiyyə, xüsusilə oftalmogiya sahəsinə ayırdığı diqqətdən, onun həkimlər haqqında bildirdiyi dəyərli fikirləri bölüşüb: “Həkimləri insnalarla bir çox tellər bağlayır. Həkimin qəlbinin hərarəti ilə isinən, onun peşə ustalığı ilə tamamlanır. Onun şəxsi səmimiyyətini və diqqətini bir-birindən ayırmaq qeyri-mümkündür”.
Daha sonra prof E. Qasımov Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən bəsh edib.
Həmçinin E.Qasımov qeyd edib ki, Azərbaycanda oftalmologiya təkcə paytaxt Bakıda deyil, regionlarda da yüksək səviyyədə inkişaf edib.
Konfrans, moderatorlar- t.e.d., Hicran Namazova, t.ü.f.d. Rühəngiz Balayeva, t.ü.f.d Yazgül Abdıyeva, t.ü.f.d. Xalid Əliyev, t.ü.f.d. Lalə Axundova, dos. Qurban İsmayılov, Dr. Emin Əlihüseynli və t.ü.f.d. Qafar Tağıyev tərəfindən həyata keçirildi.
Konfransda t.ü.f.d. Yazgül Abdıyeva, t.ü.f.d. Mirana Mirişova, t.ü.f.d. Rühəngiz Balayeva, dr. Humay Bayramova, dr. Elçin Əsqərov, t.ü.f.d. Xalid Əliyev, dr. Sona İbrahimova, dr. Tərlan Əliyeva, t.ü.f.d. Aişə Şahmalıyeva, dr. Səbinə Quliyeva, dr. Lalə Məmmədova, t.ü.f.d. Qafar Tağıyev, dr. Ramilə Əhmədova, dr. Emin Əlihüseynli, dr. Elsəvər Həmidov, dr. Şəfaqət İmranova, dr. Nuranə Ələkbərova tərəfindən məruzələr dinlənildi.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva tərəfindən “Azərbaycan Oftalmolqlar Cəmiyyətinin dünəni və bugünü” mövzusunda çıxış oldu. Çıxış zamanı Y. Abdıyeva Azərbaycan oftalmologiyasına töhfəsini verən qocaman alimlərimizdən, müasir oftalmologiyanın inkişafından və s. bəhs edib.
Konfransda həmçinin “Göz travmaları zamanı korluqla mübarizə”, “Gəncə şəhərində çəpgözlük diaqnozu ilə aparilan müayinə və müşahidələrin nəticələri”, “Mərkəzi serroz xorioretinopatiya”, “Anti- VEGF terapiyası və yaşa bağlı makula degenerasiyasının müalicəsində olan uğursuzluqların səbəbləri”, “AOC Gənc Oftalmoloqlar Komitəsi. Amal, məqsəd və məramlar”, “Göyçay rayonu üzrə konyuktivitin rast gəlmə tezliyi və differensial diaqnostikası”, “Katarakta əməliyyatından sonra quru göz sindromu” mövzularında məruzələr dinlənildi.