Ali Məhkəmə qərar qəbul etdibackend

Dekabrın 24-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenum iclası keçirilib.

Məhkəmədən verilən məlumata görə, Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyi olduğunu bildirib, yubiley münasibəti ilə Ali Məhkəmənin Plenum üzvləri adından dövlət başçısını təbrik edib.

Plenumda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunub. Bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Bu baxımdan məhkəmə hökmünün qanuniliyinin, əsaslılığının və ədalətliliyinin təmin edilməsi demokratik, hüquqi dövlətə xas olan mühüm məsələdir. Məhkəmə hökmünün çıxarılması üzrə məhkəmə təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən bu sahədə təcrübənin ümumiləşdirilməsi həyata keçirilərək bəzi hallarda cinayət-prosessual normaların tətbiqində müəyyən məsələlərlə bağlı fərqli yanaşmaların olması müəyyən edilib.

Məhkəmələr tərəfindən məhkəmə hökmü ilə bağlı məsələləri tənzimləyən cinayət-prosessual normaların eyni cür tətbiqini, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Məhkəmə hökmü haqqında” müvafiq qərar qəbul edib.

Plenum iclasında Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələrində 2017, 2018-ci illərdə və 2019-cu ilin birinci yarimilində uşaqların ölkədən getməsinə icazə verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrlə bağlı işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı keçirilmiş ümumiləşdirmənin nəticələri geniş müzakirə olunub və təhlillər aparılıb.

Qeyd edilib ki, aparılmış ümumiləşdirmənin nəticələri həmin illərdə uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə məhkəmələr tərəfindən qüvvədə olan qanunvericiliyin tətbiqi üzrə bir-birindən fərqlənən yanaşmaların sərgiləndiyi müəyyən edilib, bu kateqoriya işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması zərurətini üzə çıxarıb. Bu baxımdan, məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədi ilə Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə edilərək müvafiq qərar qəbul edilib.

Plenum iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihələri müzakirə olunub və müvafiq qərarlar qəbul olunub.