Almaniyanın yeni qaz marşrutu: Əlcəzairbackend

Əlcəzairin milli neft və təbii qaz şirkəti Sonatrach Almaniyaya qaz tədarükü üçün Almaniyanın VNG qaz şirkəti ilə müqavilə imzalayıb.

Əlcəzairin milli neft və təbii qaz şirkəti Sonatrach tərəfindən edilən yazılı açıqlamaya görə, müqavilə paytaxt Əlcəzairdə VNG-nin 100% törəmə şirkəti olan VNG Handel & Vertrieb GmbH ilə imzalanıb.

Sonatrach baş direktoru Rəşid Haşişi Almaniyaya təbii qaz tədarükünün başlanğıcını təmsil edən bu mühüm müqavilə ilə Avropa ilə enerji tərəfdaşlığını gücləndirməkdən məmnun olduqlarını ifadə edib.

Həşişi qeyd edib ki, bu kommersiya tərəfdaşlığını inkişaf etdirmək və gələcəkdə digər sahələrə də genişləndirmək üçün böyük imkanlar var.

VNG-nin baş direktoru Ulf Heitmüller Sonatrach ilə ortamüddətli qaz təchizatı müqaviləsinin imzalanmasından məmnun olduğunu bildirib.

Heitmüller, imzalanmış müqavilə çərçivəsində VNG-nin Əlcəzairdən boru kəməri ilə qaz alan ilk Alman şirkəti olduğuna diqqət çəkib.

Açıqlamada müqavilənin nə vaxt qüvvəyə minəcəyi və alınan qazın miqdarı ilə bağlı məlumat paylaşılmayıb.

Bildirilib ki, VNG hidrogen sahəsində Sonatrach ilə uzunmüddətli tərəfdaşlıq qurmağı və gələcəkdə Əlcəzairdən Almaniyaya yaşıl hidrogen idxal etməyi planlaşdırır.

Əlcəzair qazı boru kəmərləri vasitəsilə Avropada İtaliya və İspaniyaya çatır. Əlcəzairdən hər il 25 milyard kubmetr qaz alan İtaliya Əlcəzairin Avropadakı ən mühüm enerji tərəfdaşı kimi önə çıxır.

Mənbə: TGRT

Aynur Camal