Bütün sahələrdə qardaşlıq nümayiş etdirən Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət!” kəlamının qüdrəti ilə böyük bədii məharətlə səhnələrə də daşınıb.
“Yeni Gündəm” xəbər verir ki, Ankarada keçirilən “Qardaşlıq dastanı rəqsi” musiqili tamaşasının premyerasında rəsmi şəxslər, diplomatlar, Türkiyə paytaxtında yaşayan, işləyən azərbaycanlılar, şəhər ictimaiyyətinin tanınmış simaları da tamaşaçılar arasında olublar.
Qədim köklərə bağlı olan qardaşlıq bağlarıyla eyni tarixi, mədəniyyəti, dastanları, qəhrəmanlıqları, acıları və zəfərləri bərabər yaşayan “Bir millət, iki dövlət!” kəlamının həyat hekayəsi Türkiyə paytaxtının ən mötəbər musiqi səhnəsindən birini fəth edib.
Min illik tarix gerçəkləri özündə əks etdirən ədəbi-bədii musiqili kompozisiya iki ölkə arasındakı qardaşlıq tarixini, Azərbaycan və Türkiyənin 100 sənətçisinin iştirakı ilə böyük əmək sayəsində 12 fərqli səhnə tərtibatında lirik və xalq rəqslərinin sintezi əsasında teatr və rəqsin vəhdəti üslubunda səhnələşdirilib.
Nuh tufanından Novruza, dastanlardan qəhrəmanlara, ozanlardan şairlərə, acılardan zəfərlərə qədər bütün varlığımız Dədə Qorqud baxışı ilə təqdim olunan qardaşlıq dastanında tamaşaçıların qəlbini oxşayıb.
Tamaşada türk əsilli xalqların tarixi-mədəni prioritetləri, xalq yaradıcılığı nümunələri, aşıq sənəti, dastanlar, musiqi folkloru, mistika, tarixi qəhrəmanlıq və əməkdaşlıq Azərbaycan və Türkiyənin ortaq dəyərlərində əksini tapıb.
Qeyd edək ki, Tamaşanın baş bədii rəhbəri və prodüseri tanınmış sənətçi Serhat Turakdır.
Premyerası Ankarada keçirilən və hərarətli tamaşaçı alqışları ilə qarşılanan “Qardaşlıq dastanı” musiqili tamaşası digər böyük şəhərlərdə də geniş ictimaiyyətə təqdim olunacaq.