Argentina Çin, Braziliya və Rusiya ilə münasibətləri kəsmək fikrində deyil, Argentina Xarici İşlər Nazirliyinin gələcək rəhbəri Diana Mondino TN telekanalına müsahibəsində bildirib.
“Deyirlər ki, Braziliya və Çinlə münasibətlərimizi kəsəcəyik. Bunlar mənası və məntiqi olmayan şeylərdir… Münasibətlərdə nə fasilə, nə də dəyişiklik… Rusiya ilə (diplomatik münasibətlərin) kəsilməsi ola bilməz. Səfirin geri çağırılması üçün son dərəcə ciddi vəziyyət olmalıdır”.
Öz növbəsində Argentinanın seçilmiş prezidenti Xavyer Miley telekanala bildirib ki, məsələ ondadır ki, yeni hakimiyyət bir sıra ölkələrlə münasibətləri inkişaf etdirmək istəmir.
Bir telekanal jurnalisti Mileydən “Çin və Rusiya ilə barışmaq niyyətində olub-olmadığını” soruşub. “Mən onlarla nə vaxt mübahisə etmişəm?” – Miley cavab verib.
“Mən kimin müttəfiqi olduğumu göstərdim. Mən ABŞ, İsrail və Qərbin müttəfiqiyəm. Bundan əlavə, avtokratik rejimlərlə, kommunistlərlə, sülhə hörmət etməyənlərlə, demokratik dəyərlərə sahib olmayanlarla münasibətləri inkişaf etdirməyəcəyimi bildirdim. Eyni zamanda, sahibkarların istədikləri şəxslə ticarət etməkdə tam azadlığı var”, – deyə o əlavə edib.
Mənbə: mail.ru
Aynur Camal