Bu bir danılmaz amildir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə həyata keçirilmiş islahatlar ölkəmizə dünyada böyük nüfuz qazandırmışdır. Sözsüz ki, ancaq müasir çağırışlara cavab verən islahatlar paralel olaraq bütün sahələri əhatə etdiyi halda uğurlar daha geniş və dərin olur. Daha doğrusu, bir-biri ilə sıx bağlı olan və tamamlayan maliyyə və iqtisadiyyat, məhkəmə və hüquqi, qanunvericilik, ictimai-siyasi kadrlarının seçilməsi, vətəndaş cəmiyyəti quruculuğu, hətta struktur-təşkilati sahələri əhatə edən çox vektorlu yanaşma kontekstində həyata keçirilən islahatlar davamlı, simmetrik və harmonik inkişafa aparır. Ümumiyyətlə, heç bir ölkədə siyasi dialoq, sağlam və konstruktiv əməkdaşlıq olmadan uğurlu siyasətdən danışmaq olmaz.
Eləcə də, cəmiyyətin sağlam qüvvələri, onun aydınları, vətəndaş cəmiyyəti qurucuları arasında dayanıqlı dialoq və faydalı əməkdaşlıq olmazsa, o ölkənin inkişafı assimmetrik, siyasi güvənsizlik mühiti olur. Yəni, bu mənada ictimai-siyasi sabitlik əslində ölkənin dinamik və dayanıqlı inkişafını təmin edən ən vacib şərtlərdən biridir. Obrazlı desək, hətta Qarabağ probleminin həllində də bu vacib şərtlərin böyük və müstəsna rolunun şahidi olduq. 44 günlük Vətən müharibəsində sağlam əqidəli bütün siyasi partiyalar bir yumruq kimi həmrəylik nümayiş etdirdilər. Qısa bir dövr ərzində ölkədə formalaşmış yeni siyasi konfiqurasiya ölkədə həyata keçirilən müntəzəm və səmərəli siyasi dialoq mühiti yaratmışdır. Yaranmış bu sistemin müsbət təsiri Qarabağda möhtəşəm quruculuq işlərinin həyata keçirilməsində özünü göstərir. Bu mənada ölkədə ictimai-siyasi dialoq və əməkdaşlıq mühitinin yaradılmasında sağlam düşüncəli, həqiqi mənada milli maraqlara xidmət edən bütün tərəflərin məsuliyyəti var. Yəni, bu mühitin yaranmasında bütün tərəflər addım atmalı, xoş niyyətlə əl uzatmalıdırlar. Hətta bütün ziddiyyətli məqamlarda tərəflər konsensusun əldə olunmasına bərabər səviyyədə cavabdeh və məsuliyyətlidir. Çox təəssüf ki, çağdaş dövlətimizin ötən müstəqillik illərində mövcud siyasi partiyalar və təşkilatlar arasında münasibətlər elə də ürəkaçan olmamışdır. Daha dəqiq ifadə etsək, hətta dövlət strukturlarında bu məsələlərlə məşğul olan, yüksək vəzifə sahiblərinin əksəriyyəti Dövlət Başçımızın bu prinsipial məsələ ilə bağlı qəti siyasi mövqeyinə hədsiz laqeyd yanaşmış və bir çox hallarda öz şəxsi maraqlarını güdüblər. Elə bunun nəticəsi idi ki, ölkədə 5 il bundan öncəyə qədər ölkənin siyasi dialoq müstəvisində pərakəndəlik, özbaşınalıq və konfrontasiya hökm sürürdü. Qeyd etdiyim kimi o dövrdə bu məsələdə vəzifə səlayiyyəti daşıyan yüksək səviyyəli dövlət məmurları sağlam ictimai-siyasi mühitin qurulmasına maraq göstərmirdilər. Məhz həyata keçirilən uğurlu kadr və struktur-təşkilati sahəsində uğurlu islahatların nəticəsidir ki, artıq beş ildən çoxdur ki, ölkəmizdə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi pluralizmin inkişafı və siyasi partiyalarla, siyasi institutlarla dialoqun daha da möhkəmləndirilməsi prosesi özünün ən yüksək həddinə gəlib çatıbdır. Xüsusi qeyd etmək istərdim ki, 2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında möhtərəm Prezidentimiz çox açıq və konkret olaraq, siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan mümkün olmadığı fikrini səsləndirmişdi. Dövlət Başçısının bu fikirləri məsələnin nə qədər önəmli və eləcə də, bu məsələnin dövlət siyasətinin dəyişməz prioriteti olduğunu bir daha sübut etdi. Onun bu tarixi fikirləri “Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marjinallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.” mükəmməl bir strategiya kimi bu sahədəki fəaliyyətimizin əsas istiqamətləridir. Elə həmin gündən indiyədək bu istiqamətdə görülmüş bütün işlərin nəticəsində ölkəmizdə yeni, sağlam bir siyasi dialoq mühiti formalaşmışdır. Bu mühitin formalaşmasında struktur islahatlar çərçivəsində yaradılmış Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin əvəzsiz fəaliyyətini qeyd etməliyik. Həqiqətən də, belə bir şöbənin yaradılması məhz hakimiyyətin siyasi islahatların daha da təkmilləşdirilməsində necə maraqlı olmasını bir daha sübut edir. Bir daha vurğulamaq istərdim ki, bu şöbənin rəhbərindən tutmuş bütün sıravi əməkdaşlarınadək hər kəs bu sahədə ardıcıl və sistemli işlər görür və qeyd etdiyim kimi, 44 günlük Vətən müharibəsində, eləcə də, müharibədən sonra bugünədək həm ölkə daxilindən, həm də ölkəxaricindən ölkəmizə olan müxtəlif təhdid xarakterli çağırışlarda siyasi dialoqun, həmrəyliyin və dövlətin və xalqın milli maraqlarında birlik nümayiş etdirməyinin, vahid mövqe göstərməyinin şahidi olduq. Yeri gəlmişkən, bu uğurların qazanılmasında şöbənin müdiri hörmətli Ədalət Vəliyevin həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə silsilə və çox konstruktiv görüşlərini qeyd etməyi özümə borc bilirəm. Əslində, hörmətli Ədalət müəllim Dövlətimizin Başçısının və eləcə də hakimiyyətin iqtidarla siyasi partiyalar arasında görmək istədiyi dialoq mühitinin yol xəritəsinin formalaşmasında və möhkəmləndirilməsində böyük xidməti var. Bildiyimiz kimi, onun rəhbərliyi ilə ardıcıl olaraq “Siyasi dialoqun Azərbaycan modeli” adlı ardıcıl və silsilə görüşlər keçirilir və respublikamızda siyasi münasibətlərin və dialoq mühitinin yaradılması, bütövlükdə bütün tərəflərin marağında olan müxtəlif problem və mövzuların müzakirələri təşkil edilir, fikir mübadiləsi aparılır və bu sahədə mövcud olan problemlərin birgə aradan qaldırılması üçün yollar axtarılır. Məhz müxalifət partiyalarının da yaxından iştirak etdiyi bu sistemli tədbirlərin nəticəsində artıq ölkəmizdə yeni siyasi konfiqurasiya tam təşəkkül tapmış və ölkədə demokratik münasibətlərin təzahürü olan institutlaşmış siyasi dialoq məktəbi fornalaşmışdır.
Bugünlərdə, may ayının 16-da Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin təmsilçilərinin və 25 siyasi partiyanın nümayəndələrinin də iştirakı ilə Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə keçirilmiş görüş də məhz son beş il ərzində həyata keçirilən silsilə tədbirlərin məntiqi davamıdır. Mətbuatdan da xəbər verildiyi kimi görüşdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxış edərək demokratik prinsip və dəyərlərin Azərbaycanın dövlət siyasətinin dəyişməz prinsipləri olduğunu diqqətə çatdırmış və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda müntəzəm olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğu və bu sahədə həyata keçirilmiş çoxsaylı işlər haqda geniş məlumat veribdir. O, çıxışında bir daha siyasi partiyaların ölkəmizin ictimai siyasi həyatında və bütövlükdə cəmiyyətdə artan rolunu yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi dəyərləndirmişdir. Hörmətli Ədalət müəllim Respublikamızda fəaliyyət göstərən sağlam əqidəli siyasi partiyaların mövcud potensialından dövlət siyasətinin və ictimai münasibətlərin bundan sonra da təkmilləşdirilməsinə, ölkədəki dayanıqlı və sabit siyasi mühitin dayanıqlılığının inkişafı və güclənməsi üçün bu potensialın səfərbər olacağı haqqında önəmli fikirlər səsləndirmişdir.
Bir daha xüsusi qeyd etmək istəyirəm ki, istər dünənki görüş, istərsə də son beş İl ərzində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin bu istiqamətdə gördüyü işlər Azərbaycanı həm Cənubi Qafqazda, həm də bütövlükdə dünyada siyasi dialoq və milli həmrəyliyin mövcud olduğu ən öncül ölkələr sırasına daxil etmişdir.
Bütün bunların nəticəsidir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə ölkəmizdəki siyasi partiyalar arasında əməkdaşlığın güclənməsindən, dialoq mühitinin inkişafından öz məmnunluğunu bildirmişdir. Bununla belə, ötən beş il ərzində möhtərəm Prezidentimiz bir çox çıxışlarında davamlı olaraq siyasi dialoq və konstruktiv əməkdaşlıq haqqında ciddi mesajlar səsləndirmişdir. Hesab edirəm ki, Ali Rəhbərimizin özünün X səhifəsində paylaşdığı: “Ölkəmizin siyasi sisteminin təkmilləşməsinin böyük əhəmiyyəti var. Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz!” fikirləri konstitutsion normalara, demokratik dəyərlərə, siyasi pluralizmə, sağlam siyasi mühitin formalaşmasına dövlətin sadiqliyinin bariz ifadəsidir.
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı