Arvadını uşağı həkimə apararkən öldürübmüş…backend

Bir neçə gün əvvəl Bərdə rayonunda kişinin arvadını bıçaqlayaraq qətlə yetirməsinin təfərrüatı məlum olub.

“Yeni Gündəm”in məlumatına görə, hadisəni törədən İsmət Zamanovun anası Məxmər Zamanova bildirib ki, oğlu öldürdüyü arvadı Zülfiyyə Zamanova ilə 2015-ci ildə sevərək ailə qurub. Gənc ailənin iki azyaşlı övladı var.

M. Zamanova deyir ki, son bir neçə aya qədər ailənin münasibətiləri normal olub. Ancaq bir neçə ay öncə gəlini Zülfiyyə Zamanova Bakıya, bacısıgilə qonaq gedib. Bundan sonra hər şey dəyişib. Qısqanclıq zəminində mübahisələri yaranan ailənin gəlini atasının evinə dönüb.

Qətlə yetirilən qızın atası Həbib Quliyev isə iddia edir ki, qızının ailəsində problemin yaranmasına səbəb kürəkənin narkotik aludəçisi olmasıdır:

“Bundan başqa, oğlanın digər ailəsi olub. Qızım bunu biləndən sonra evdə mübahisə düşüb. Bu işlə bağlı DNT analizi keçirilib. Məlum olub ki, oğlanın ikinci həyat yoldaşından 8 yaşlı bir övladı var. Bu səbəbdən də qızım boşanmaq üçün məhkəməyə müraciət edib. Bir neçə dəfə kürəkənim qızımı ölümlə hədələyib”.

H.Quliyev qeyd edib ki, hadisədən bir gün əvvəl nəvəsi atasına zəng edərək xəstə olduğunu bildirib. Atası isə oğluna deyib ki, sabah dayısı ilə həkimə getsin, o da gələcək. Zülfiyyə Zamanova övladını da götürərək qardaşı ilə birgə uşaq poliklinikasına gedib. Uşağı həkimə göstərdikdən sonra İsmət Zamanov uşaqları dayısına tapşırıb. Bildirib ki, maşında gözləsinlər, onlar da analizin cavabını götürüb gələcəklər.

Uşaqlar dayıları ilə maşına gəldikdən sonra elə xəstəxananın həyətində ər arvadını bıçaqlayaraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Fotoda: qətlə yetirilən Zülfiyyə Zamanovanın qayınanası Məxmər Zamanova