Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi tamamilə qərəzli və erməni lobbisinin sifarişi əsasında hazırlanmış kağız parçasıdır. Görünən odur ki, özünü Avropa parlamentarizminin siması kimi təqdim edən bu təsisat qoca qitənin bütün problemlərini kənara qoyaraq, yenidən Azərbaycana qarşı erməni lobbisinin diktəsi ilə qarayaxma kampaniyasına başlayıb.
Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı, şəhər və kəndlərimizin yer üzündən silinməsi, işğal olunmuş torpaqlarımızda erməni vandalizmini Avropa Parlamenti bu günə qədər nədənsə görməyib: “Ermənistan ərazisində xalqımızın tarixi, dini və mədəni irsinin kütləvi şəkildə dağıdılması və mənimsənilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımızın hüquqlarının tapdanması, onların uzun illər ərzində çəkdikləri iztirablar avropalı parlamentariləri heç vaxt maraqlandırmayıb. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Amma nədənsə AP-i beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına icra edən Azərbaycanın yaratmış olduğu yeni reallıqla barışa bilməyib”.
Millət vəkili bildirib ki, Avropa Parlamenti anti-Azərbaycan xislətini, ölkəmizə qarşı fəaliyyət göstərən qruplarının istifadə etdikləri ayrı-ayrı “mövzuları”, təzyiq alətləri kimi istifadə edən oyuncaq bir təşkilata dönüb: “Bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürülməsi məntiqdən və reallıqdan tamamilə uzaqdır. Fakt odur ki, AP-i səviyyəsində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilir. Bu eyni zamanda dövlətimizin daxili işlərinə müdaxilə cəhdidir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, AP-nin “qətnaməsində” işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması, qərbi azərbaycanlıların haqlı tələbləri ilə bağlı heç bir ifadə yoxdur: “Həmçinin işğal dövründə Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minalar, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi haqda bir cümlə qeyd edilməyib. Məhz bu faktlar həmin sənədin nə dərəcədə qərəzli və birtərəfli olmasını bariz şəkildə göstərir. Əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verilməsi isə beynəlxalq hüququ dövlətlərin daxili işlərinə müdaxilə olmaqla yanaşı ölkələrin qanunverciliyinə olan açıq hörmətsizlikdir”.