Aytən Məmmədova: “Ağıllanmaq” deyəndə peşəmi, jurnalistikanı nəzərdə tuturlarsa, ağıllanmaq niyyətim yoxdur”backend

“Təsəvvür edin, kiçik liftin içərisində arxadan bir nəfər əli ilə çənəndən tutub sıxır, o biri əlindəki bıçağı (gözümlə görməsəm də, bıçaq olduğunu güman edirəm) boğazına batırıb deyir, “sən ağıllanmadın da”.  Arxasınca öz əxlaqına uyğun tərzlə 12 yaşlı övladımın ölümü ilə hədələyir. Hadisədən üç gecə keçir. Elə gecə olmayıb ki, mən iki saatdan artıq yuxu yata bilim. İki gün ərzində dəfələrlə Bakı şəhər Baş Polis İdarəsində, Binəqədi rayon Polis İdarəsində olmuşam, izahat vermişəm, başqa qurumlarda görüşmüşəm. Hadisənin ertəsi gün ekspertizadan keçməyə getsəm də, məlum oldu ki, qeyri-iş günü olduğuna görə həmin qurum işləmir. Mayın 10-da mən gedəndə bildirildi ki, ekspert-həkimlər saat 3-dən sonra olmurlar, çıxıb gediblər”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu bıçaqla hədələnən jurnalist Aytən Məmmədova deyib.

“Mənim isə 3-dən sonra getməyim səbəbsiz deyildi. O vaxtda qədər Binəqədi rayon Polis İdarəsində və başqa qurumlarda olmuşdum.

Aytən Məmmədova hadisənin birmənalı şəkildə peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib: “Mənim şəxsi zəmində heç kiminlə ədavətim yoxdur. Elə işlərə qarışmamışam ki, kimsə gətirib boğazıma bıçaq dirəsin. Baş verənlər birmənalı şəkildə peşə fəaliyyətimlə bağlıdır! Ən çox verilən suallardan biri budur: istintaqdan razısan? Nə razıyam, nə də narazı. Çünki razı olmaq üçün ortada nəticə olmalıdır, cinayətkar(lar) tapılmalıdır. Narazı olmaq üçün də konkret əsaslar göstərməliyəm. Bu baxımdan düşünürəm ki, hələlik bu suala cavab vermək tezdir. Nəticədən asılıdır. Narazı olduğum müəyyən məsələlər var, onu da zamanı gələndə açıqlayacağam. Sonda bir daha qayıdıram “ağıllanmaq” məsələsinə. Əgər “ağıllanmaq” deyəndə peşəmi, jurnalistikanı nəzərdə tuturlarsa, mənim ağıllanmaq niyyətim yoxdur” – A.Məmmədova qeyd edib.