Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması Gürcüstan və Azərbaycan arasında möhkəm dostluğun və əməkdaşlığın sübutudur – Ülviyyə Həmzəyevabackend

Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binası!

Bu günlərdə Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan mədəniyyəti, incəsənəti, eyni zamanda xalqımız üçün əlamətdar hadisə yaşanıb. Belə ki, Tbilisidə ulu öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi baş tutub. Mərasimdə Baş nazir Əli Əsədov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, eləcə də hər iki ölkədən digər dövlət və hökumət rəsmiləri, gürcü və azərbaycanlı ictimai xadimlər, iş adamları və media nümayəndələri iştirak ediblər.

Layihəyə əsasən, mövcud torpaq sahəsində tikildiyi zaman teatrın ümumi ərazisi 2  565 kvadratmetr olacaq. Yeni teatr binası inşa ediləcəyi torpaq sahəsində yerləşən tarixi binanın restavrasiyası və sahəsinin genişləndirilməsi hesabına tamamlanacaq. Teatr binasının ümumi tamaşaçı tutumunun 256 nəfər olacağı bildirilir.

Tarixi köklərə söykənən mədəni əlaqələr…

Milli Məclisin m ədəniyyət komitəsinin üzvləri xalqımız üçün önəmli olan bu əlamətdar hadisə barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüblər. Mədəniyyət iomitəsinin üzvü, prosessor Nizami Cəfərov açıqlamasında Ulu Öndərin adına olan Azərbaycan Dram Teatrının təməlqoyma mərasiminin kifayət qədər mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Professor Azərbaycan və gürcü xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını şərtləndirən əsas amilin tarixi köklərə söykənən mədəni əlaqələr olduğunu qeyd edib: “Həm Azərbaycanda, həm də Gürcüstanda tarixən xalqlarımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, dilinə, dininə, incəsənətinə, ədəbiyyatına böyük hörmət və xüsusi rəğbət bəslənilib. Azərbaycanın bir çox görkəmli xadimləri, böyük şəxsiyyətləri – Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski Gürcüstanda yaşayıb-yaradıb, əbədiyyətə qovuşublar. Eynilə Gürcüstanın bir çox mədəniyyət və incəsənət xadimləri, görkəmli şəxsiyyətləri Azərbaycanda fəaliyyət göstərib, ictimai və mədəni həyatımıza mühüm töhfələr veriblər”.

Teatra yeni nəfəs verilməsi tarixi hadisədir…

1872-ci ildə Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının fəaliyyətə başlamasını ölkələrimiz arasında əsrlərə dayanan mədəni əlaqələrin daha bir göstəricisi olduğunu vurğulayan N.Cəfərov qeyd edib: “Teatrın uzunmüddətli fəaliyyəti dövründə gürcü, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin ölməz əsərləri böyük uğurla səhnələşdirilib. Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir. Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli, gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk”.

Ulu Öndərin Gürcüstana isti münasibətindən danışan N.Cəfərov bildirib: “Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə həmişə qonşu dövlətlərə dost münasibəti göstərib. O ki qaldı Gürcüstana, bu, xüsusi bir haldır. Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Gürcüstana və gürcü xalqına böyük hörmət bəsləyib, xüsusi diqqət və qayğı ilə yanaşıb. Dəfələrlə Gürcüstanda səfərdə olmuş Heydər Əliyevin Gürcüstanın o vaxtkı rəhbəri mərhum Eduard Şevardnadze ilə qarşılıqlı etimada əsaslanan möhkəm dostluq münasibətlərini hamımız yaxşı xatırlayırıq. Məhz onların liderliyi sayəsində ölkələrimizin siyasi, iqtisadi, mədəni-humanitar və bütün digər sahələrdə münasibətlərinin inkişafının möhkəm təməlləri qoyulub. Hər iki liderin siyasi karyerası unikallığı ilə seçilirdi və oxşar tarixi hadisələrlə yadda qalıb. Belə ki, onlar ikinci dəfə öz xalqlarının tələbi ilə artıq müstəqil dövlətin rəhbəri kimi siyasi fəaliyyətlərini davam etdiriblər. Ölkələrinə rəhbərlik dövründə digər sahələrlə bərabər onlar öz xalqlarının milli-mənəvi dəyərlərinə, dilinə, dininə, mədəniyyətinə, incəsənətinə, musiqisinə xüsusi diqqət, qayğı və həssaslıqla yanaşıb, bu irsin qorunması və inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməyiblər. Onu da xüsusi qeyd edim ki, Heydər Əliyev gürcü incəsənətinin, ədəbiyyatının, musiqisinin, kinosunun böyük pərəstişkarı idi”.

Bu teatr Tbilisiyə xüsusi gözəllik verəcək…

Milli Məclisin mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva bildirib ki, Ulu Öndərin adını daşıyan teatr mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də tarixi, qədimliyi və müasirliyi özündə mükəmməl şəkildə sintez edən Tbilisi şəhərinin görkəminə xüsusi gözəllik verəcək və Gürcüstan paytaxtının mədəni ocağına çevriləcək: “Əlamətdar haldır ki, ulu öndər Heydər Əliyevin adını daşıyan bu mədəniyyət ocağının yeni binasının təməlqoyması məhz cari ilə – Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100-cü ildönümünə təsadüf edir. Heydər Əliyevin bu mötəbər yubileyi münasibətilə Gürcüstanda da silsilə tədbirlər keçirilib”.

İki ölkə arasındakı dostluğun sübutu…

Ü.Həmzəyeva qeyd edib ki, Gürcüstanda Azərbaycan teatrının böyük tarixi var: “Bu gün hamımız sevinirik ki, teatrın yeni, müasir binasının təməli qoyulacaq və tezliklə daha əzəmətli bina tikiləcək. Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması Gürcüstan və Azərbaycan arasında möhkəm dostluğun və əməkdaşlığın sübutudur”.