Azərbaycan əsilli rusiyalı astronom: Planetimizdə həyat pisləşsə, Marsa köç baş verə bilərbackend

Kainat haqqında bilmədiyimiz bəlkə milyonlarla, hətta daha çox həqiqət var. Sərhədlərini tamamilə öyrənmədiyimiz, bəlkə də heç vaxt öyrənə bilməyəcəyimiz bu sonsuz məkanda davamlı təkamül prosesi yaşanır. Son onilliklər ərzində ətrafımızdakı aləm haqqında təsəvvürlərimiz bir çox cəhətdən kökündən dəyişib və radioastronomiya elmi burada mühüm rol oynayıb. Kainatın təkamül etdiyini, görünən materiyanın mövcud olan hər şeyin yalnız 5%-ni təşkil etdiyini məhz bu elm sahəsinin sayəsində öyrənmək mümkün olub. APA-nın Rusiya üzrə xüsusi müxbiri Fərid Əkbərov 85 illik ömrünün 63 ilini kainatın tədqiqatına-radioastronomiyaya həsr edən Azərbaycan əsilli rusiyalı məşhur astronom Rüstəm Dağkəsəmənski ilə həmsöhbət olub. Rüstəm Davud oğlu Dağkəsəmənski… Rusiyanın elm ictimaiyyətinə onun adı yaxşı məlumdur. 1938-ci ildə Bakıda doğulan, 1960-cı ildən Moskva vilayətinin Serpuxov rayonunun Puşino elm şəhərciyində yaşayan həmyerlimiz sovet və müasir Rusiya radioastronomiyasının kökündə dayanan elm adamlarından biri hesab olunur. Əslən Ağstafanın Dağkəsəmən kəndindən olan həmyerlimiz 60 ildən çoxdur ki, kainatın tədqiqi ilə, kosmik obyektləri radio dalğalar diapazonunda elektromaqnit şüaları vasitəsi ilə tədqiq edən radioastronomiya ilə məşğuldur. Fizika-riyaziyyat elmləri doktoru, professor Rüstəm Dağkəsəmənski Bakıda uşaqlıqdan, orta məktəb illəri dövründən astronomiyaya maraq göstərdiyini deyir.

– Rüstəm müəllim, astronom olmaq istəyi sizdə necə yarandı?

– Mən beşinci sinifdə oxuyanda astronomiya dərnəyinə qoşuldum. Bu dərnəyə əfsanəvi şəxsiyyət Sergey Sorin rəhbərlik edirdi. Bir neçə il bundan qabaq Bakıda onun yüz illiyi qeyd olundu. Sorinin heyrətamiz yumoru və müəllimlik istedadı var idi. O, bizə kiçik teleskoplar verərək evdə araşdırma aparmağı öyrətmişdi. Maraqlıdır ki, Sorin dərnəyin uşaqları ilə birlikdə Şamaxı rayonunda rəsədxana üçün ideal yer seçmişdi. Üç il ərzində dərnəyin üzvləri ora ekspedisiyalara gedirdilər. 1952-ci ildə Pulkovo Rəsədxanasının direktoru Vladimir Krat bizim dərnəyə gəldi və Sergey Sorin ona kiçik teleskoplarımızla Şamaxıdan çəkilmiş fotoşəkilləri göstərdi. Bu əlamətdar görüşdə mən də iştirak edirdim. “Nə möhtəşəm qranulyasiya!” – deyə direktor qışqırdı. Krat başa düşmüşdü ki, Sergey Sorin çox yaxşı astroiqlimi olan yer tapıb və beləliklə, Şamaxı rayonunda günəş rəsədxanasının yaradılması qərara alındı.

Amma mən cəmi iki il, 5-7-ci sinifdə oxuyanda astronomiya dərnəyində iştirak etdim. 8-ci sinifdə artıq voleybola maraq göstərirdim, astronomiya dərnəyini voleybol dərnəyinə dəyişdim. “Neftçi” idman cəmiyyətində oynayırdım. Mən yeniyetmələrdən ibarət komandanın kapitanı idim. Bakıda birinci yeri qazanmışdıq. Mingəçevirə respublika birinciliyinə getdiyimizi yaxşı xatırlayıram.

1955-ci ildə Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsinin “astronomiya” ixtisasına daxil olan Rüstəm Dağkəsəmənski ali məktəbi bitirdikdən sonra 1960-cı ildə Moskva vilayətinin Puşino elmi şəhərciyindəki radioastronomiya stansiyasına laborant təyin olunur. Və beləliklə, Puşino rəsədxanasında fəaliyyətə başlayan ilk azərbaycanlı astronom olur.

– Bakı və Leninqraddan sonra Puşinoya, Moskvadan 100 kilometr məsafədə yerləşən bu şəhərciyə necə düşdünüz?

– Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsinin “astronomiya” ixtisasının sonuncu kursunda məni və daha bir tələbə yoldaşımı kafedradan çağırdılar. Dedilər ki, biz Krıma getməli, orada yerləşən radioastronomiya rəsədxanasında təcrübə keçməliyik. Biz isə astronom olmaq, yəni, optik teleskopla işləmək istəyirdik. Amma o vaxta kimi bizə heç kəs radioastronomiya haqqında heç bir məlumat verməmişdi. Ölkədə bu elm sahəsi o vaxt hələ təzə-təzə öyrənilməyə başlanılırdı. Çox az adam bununla məşğul olurdu.

Çünki radioteleskopların sayı az idi. Biz məcbur olub, rəhbərliyin qərarını qəbul etdik. Amma sonradan radioastronomiyaya məndə maraq yarandı. Mən Puşinoya gələndə rəsədxanada artıq 22 metrlik radioteleskop fəaliyyət göstərirdi və bu teleskopla artıq müşahidələr aparılırdı. Amma bura demək olar ki, düzənlik və keçəl dağlardan ibarət idi. Heç yolu belə yox idi. Puşino şəhərciyi mən bura gələndən sonra salınıb. Bura təkcə, astronomiya ilə məşğul olanların deyil, bioloqların da şəhəridir.

– Qısaca izah etsək, radioastronomiya konkret olaraq nə üçün lazımdır?

– Bu elm sahəsi ilk növbədə bizim ətraf mühit haqqında təsəvvürlərimizi mükəmməlləşdirmək üçün lazımdır. Fundamental elm sahəsi olan radioastronomiya bizə kainatın, dünyanın necə qurulduğu, hansı qüvvələrin mövcud olduğunu, qanunauyğunluqları izah edir. Radioastronomiya məlumatlarından, tədqiqatların nəticələrindən planetlərin öyrənilməsində, kosmos sənayesində, hərbi sənayedə və gündəlik həyatda istifadə olunur. Bu gün naviqasiya sahəsinin inkişaf etməsi məhz radioastronomiya ilə bağlıdır.

Azərbaycanlı astronom yer kürəsindən başqa Mars planetində həyatın mövcud olması iddialarını dəstəkləyir. Bildirir ki, uzağı 50-100 ildən sonra Marsda yaşayış qurula bilər. Bununla belə, həmyerlimiz Yer planetini ciddi dəyişikliklərin gözləmədiyini söyləyir.

Mars planetində həyatın mövcud olduğuna dair iddialar səslənir. Siz necə, dəstəkləyirsizmi bu iddiaları?

– Bəli, Marsda həyat əlamətləri mövcuddur. Lakin bu, heç də Yer kürəsində olduğu kimi deyil, buna bənzərdir, amma kifayət qədər çətinliklər var. Lakin nəzərə alsaq ki, insan çətinlikləri aradan qaldırmağa qadirdir, o zaman Marsdakı çətinlikləri də insan əli ilə aradan qaldırıb, həyat qurmaq mümkündür. Düşünürəm ki, əgər planetimizdə həyat şəraiti pisləşsə, o zaman ola bilsin ki, yaxın 50-100 ildə Marsa yaşamaq üçün köç baş versin. Bununla belə, Yer kürəsini ciddi dəyişikliklər gözləmir. Maqnit qasırğaları, qlobal istiləşmə, quraqlıq və baş verən digər kataklizmlər Günəşin aktivliyinin çoxalıb-azalması ilə bağlıdır ki, bu da dövrü xarakter daşıyır. Yəni, belə hallar yüz illər bundan öncə də olub, sonra hər şey normala dönüb.

– Rüstəm müəllim, soyadınız maraqlıdır. Siz Bakıda doğulub-böyümüsünüz, amma soyadınız əslinizin Dağkəsəməndən olduğunuza işarə verir.

– Bəli, valideynlərim də Bakıda yaşayıb. Ata tərəfdən biz Ağstafa rayonunun Dağkəsəmən kəndindənik. Lakin qohumlarımın əksəriyyətinin soyadı Qiyasbəylidir. Babam Nadir bəy Qiyasbəyli Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasında aqronom təhsili alıb. O, fərqlənmək üçün soyadına əlavə edib və beləliklə, Qiyasbəyli-Dağkəsəmənski soyadını götürüb. Soyad mənə, bizim nəslə gəlib çatanda, birinci hissəsi düşüb və mən Dağkəsəmənski olmuşam. Anamın valideynləri isə Qazax rayonundandır. Onların soyadı Vəkilovdur.

– Səməd Vurğunla qohumluğunuz varmı? Onun da soyadı Vəkilovdur.

– Bəli, Səməd Vurğunla ana tərəfdən qohumuq. Babam Məmməd Rza Vəkilov Tiflisdə rus gimnaziyasında təhsil alıb. Daha sonra Xarkova gedib. Orada universitetin tibb fakültəsinə qəbul olub, bitirəndən sonra Azərbaycana qayıdıb. Babam Bakıda kasıblar üçün xəstəxana yaradıb, xalq arasında həmin xəstəxanaya Vəkilov xəstəxanası deyiblər.

Azərbaycanın hərtərəfli inkişaf etməsindən qürur hissi keçirdiyini söyləyən həmyerlimiz ölkəmizin peyk ölkəsinə çevrilməsinə çox sevindiyini söyləyir Bildirir ki, müasir dünyada peyk ölkəsi statusu almaq həm elmi, həm də hərbi-siyasi baxımdan mühüm nailiyyətdir.

– Azərbaycanla, Bakı ilə əlaqəniz varmı? Ümumiyyətlə, Azərbaycan haqqında nə deyə bilərsiniz?

– Əlbəttə ki, əlaqəm var. Qohumlarım Bakıda yaşayır. Onlarla tez-tez əlaqə saxlayıram. Tez-tez də olmasa, Bakıya gedirəm. Mənə çox xoşdur ki, Azərbaycan olduqca sürətlə inkişaf edir. Kosmik sənayeni inkişafı ölkə üçün çox önəmlidir. Düzdür, Azərbaycanda nəhəng radioteleskop yoxdur, amma optik teleskop var, peyk var. Bu isə o deməkdir ki, Azərbaycan dünyada vacib informasiyanı lazımi zamanda alır. Bu, bir astonom kimi məni sevindirir.

P.S. Puşino rəsədxanasında adi laborantdan direktor vəzifəsinə kimi yüksələn Rüstəm Dağkəsəmənski 32 il bu mühüm elm ocağına rəhbərlik edib. Hazırda fəaliyyətini rəsədxananın aparıcı elmi əməkdaşı kimi davam etdirən 85 yaşlı həmyerlimiz iki doğma şəhərinin olduğunu söyləyir: “Bakı və Puşino. Birində mən doğulmuşam, o biri də mənimlə doğulub”.