Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Məzun Günü keçirilib.
“Yeni Gundem” xəbər verir ki, ərazi bütövlüyümüzün qorunması və bərpası uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Aİİ-nin birinci kurs tələbəsi, 44 günlük Vətən müharibəsi qazisi Turqut Alışov tərəfindən Quran tilavəti təqdim edilib.Ali təhsil müəssisəsinin bir qrup tələbəsinin ifasında ilahi səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İnstitutun, artıq beş ildir fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor vurğulayıb ki, ali təhsil müəssisəsi məzunlarını ikinci dəfədir yola salır.
İnstitutun dövlət qayğısı ilə tam əhatə olunduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, müəssisənin əsas məqsədi yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlamdüşüncəli, dövlətçiliyə bağlı, Vətənini sevən mütəxəssislər hazırlamaqdır.
A.Şirinov daha sonra bildirib ki, tələbələr ölkəmizin inkişafı, daha da çiçəklənməsi naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, milli-mənəvi dəyərlərimizi müasir dünyanın reallıqlarına uyğun şəkildə və birləşdirici ünsür olaraq cəmiyyətə təbliğ etməlidirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ildə imzaladığı Sərəncamla təsis edilən Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub–saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
DQİDK sədri İnstitutun yaradılmasının həm ölkəmiz, həm region, həm də müsəlman dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb, Aİİ-nin, artıq Qafqaz bölgəsi üzrə dini təhsil sahəsində xüsusi yeri olduğunu diqqətə çatdırıb. İnstitutun beş ildir fəaliyyət göstərdiyini bildirən M.Qurbanlı qeyd edib ki, ali təhsil müəssisəsi bu müddət ərzində dini kadr sahəsində güclü kadr hazırlığı həyata keçirməyə nail olub.
İlahiyyat İnstitutunun professor-müəllim heyətini və tələbələri Məzun Günü münasibətilə təbrik edən Komitə sədri məzunlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. Onların cəmiyyətimizə, dövlətimizə layiq kadr olacaqlarına, xalqımızın milli-mənəvi dəyərlərinin daha geniş təbliğ olunmasına öz töhfələrini verəcəklərinə əmin olduğunu bildirib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, f.f.d. Fuad Nurullayev Şeyxülislam Allahşükür Paşazadənin təbriklərini tədbir iştirakçılarına çatdırıb. F.Nurullayev məzunlarailahiyyatçı olaraq ölkəsini mükəmməl təmsiletmə məsuliyyətini anlamağı, bu müqəddəs peşənin öhdəsindən layiqincə gəlməyi arzulayıb. O, bu məsuliyyətli vəzifədə məzunlara uğurlar diləyib.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov çıxışında qeyd edib ki, dünyada bir çox münaqişələr dini zəmində törədilir. Bu kimi mənfi hallardan cəmiyyətimizi, dövlətimizi qorumaq isə əsas vəzifəmizdir. S.Heydərov dini mövqedə ölkəmizə qarşı edilən təhdidlərlə mübarizədə Aİİ məzunlarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: “Sizin ümdə vəzifəniz dinimizi olduğu kimi cəmiyyətimizə çatdırmaqla yanaşı, milli-mənəvi dəyərlərimizə sahib çıxmaqdır”.
Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Mehman İsmayılov Aİİ məzunlarının cəmiyyətdə milli-mənəvi dəyərlərin aşılanması istiqamətində xüsusi rol oynayacaqlarını bildirib. O, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiriYadigar Məmmədli məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, Aİİ məzunlarının ölkəmizin hər bir nöqtəsində dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm işlər görəcəklərinə, multikultural və tolerant mühitin qorunmasında əllərindən gələni əsirgəməyəcəklərinə inam böyükdür.
Aİİ-nin məzunları adından çıxış edən Günel Aslanova ali təhsil müəssisəsinin kollektivinə təşəkkürünü bildirib. Bu ali təhsil müəssisəsindən məzun olmağın qürurunu yaşayan G.Aslanova bildirib ki, dini elmi əsaslarla təbliğ etmək, cəhalətə, xurafata qarşı mübarizə aparmaq üçün ali savadlı olmaq uşaqlıq arzusu idi və bu istəyinə yetişib. O qeyd edib ki, əsas məqsəd İslamı və digər dinləri daha mükəmməl öyrənmək və insanlara doğru şəkildə çatdırmaqdır.
Daha sonra Azərbaycan İlahiyyat İnstitutu məzunlarının iştirakı ilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Sonda Azərbaycan İlahiyyat İnstitutunun məzunları Tələbə Andı səsləndiriblər.