Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) kollektivi və tələbələri Qarabağda gedən döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə “Əsgərə Məktub Online” layihəsinə qoşulub.
Məktublarda 27 sentyabrdan başlayan təxribata cavab olaraq keçirilən əks-hücum əməliyyatında Ordumuzun göstərdiyi şücaətlərdən bəhs edilib. Onların – əsgərlərimizin igidlikləri, qəhrəmanlıqları sayəsində işğal altında olan torpaqlarımızın qarış-qarış azad olunduğu qeyd olunub. Bu gün Vətən torpağının hər bir qarışı uğrunda öz canlarını fəda edən, ən yeni tarix yazan igidlərimizin ön cəbhədə ruh yüksəkliklərinin qorunub saxlanması, xalq olaraq bütövlükdə onların yanında olduğumuzu göstərmək üçün hər kəsin öz cəbhəsində əlindən gələni etdiyi vurğulanıb.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə könüllü olaraq maaşlarının bir hissəsini Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ianə ediblər.