AZƏRBAYCAN MİLLİ DEMOKRAT PARTİYASININ (AMDP) XOCALI SOYQIRIMININ 29-CU İLDÖNÜMÜ İLƏ BAĞLI BƏYANATIbackend

1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri SSRİ-dən qalan 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Xocalı şəhərinə hücum edərək dinc azərbaycanlı əhaliyə qarşı dəhşətli soyqırım törətmişlər. Milli və dini mənsubiyyətinə görə azərbaycanlı əhaliyə vəhşi işgəncələrlə divan tutulub. Soyqırım aktı nəticəsində  63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 dinc sakin öldürülüb, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Azərbaycan Milli Demokrat Partiyası Xocalı soyqırımı son iki yüz ildə Azərbaycan xalqına qarşı yeridilən “etnik təmizləmə” siyasətinin növbəti təzahürü kimi qiymətləndirir.

Soyqırımın təşkilatçılığı üçün cavabdehlik təkcə erməni terrorçu-separatçıları, Azərbaycana qarşı işğal siyasəti yeridən “ermənistan” adlı qondarma qurumun üzərində  deyil. Bir sıra ölkələrin anti-Azərbaycan, anti-türk və ermənipərəst çevrələri də o dövrdə bu soyqırım üçün birbaşa cavabdehlik daşıyırlar.  

Bu 29 ildə Azərbaycan Dövləti Xocalı soyqırımının dünyada tanıdılması üçün böyük işlər görmüşdür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və diaspor təşkilatlarının xarici ölkələrdə apardıgı “Xocalıya Ədalət” kampaniyası nəticəsində onlarla ölkənin seçici orqanları bu soyqırımı rəsmi olaraq tanımışdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında Şanlı Ordumuz Vətən müharibəsində tarixi qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və Xocalı soyqırımını törədən erməni quldurlarının bir neçəsi layiqli cəzasını aldı.

44 günlük İkinci Qarabağ müharibəsində qələbəmizlə biz erməni vəhşilərinin törətdiyi bir neçə soyqırımın qisasını aldıq. Amma bu bizim arxayınlaşmağımız üçün səbəb olmamalıdır. Belə ki, düşmən hələ də revanşist xülyalar səsləndirir və həmçinin, XX əsrin əvvəllərində erməni vəhşilərinin törətdiyi soyqırımların qisası hələ də alınmayıb.

AMDP bildirir ki, Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır və erməni vəhşiliyini qurbanları heç vaxt unudulmayacaq!

Allah soyqırım qurbanları olmuş soydaşlarımıza və Vətən uğrunda canından keçmiş şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərim

26 fevral 2021-ci il