“Azərbaycan nə edibsə öz ərazisində edib” – Deputat backend

Qarabağdan Ermənistana keçən yolda yəni, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması bu prosesləri bir daha sürətləndirir.

Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Rüfət Quliyev bildirib.

Millət vəkili açıqlayıb ki, Ermənistan tərəfinin birtərəfli olaraq Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu ərazisində sərhəd müşahidə məntəqəsini qurması göstərir ki, Azərbaycan tərəfi də öz ərazisində bu sərhəd müşahidə məntəqəsini reallaşdırmalı idi.

“Digər bir tərəfdən isə biz ekofəalların Laçın-Xankəndi yolunda həyata keçirdiyi aksiyalarda da bizim tələbimiz ondan ibarət idi ki, həm Qarabağda mövcud olan Azərbaycan təbii sərvətlərinin Ermənistan tərəfindən qeyri-qanuni daşınaraq aparılmasının qarşısı kəsilsin, həm bölgəyə Azərbaycan ekofəalları buraxılsın, eyni zamanda Laçın-Xankəndi yolundan Azərbaycanın təbii sərvətlərinin daşınmasının qarşısı alınsın”.

R.Quliyev vurğulayıb ki, Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin Azərbaycan tərəfindən yaradılması tam beynəlxalq hüquq normalarına uyğundur. 

“Bu 2020-ci ilin 10 noyabrında Azərbaycan -Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın müddəaları ilə üst-üstə düşür. Bu bizim haqqımızdır. Çünki Azərbaycan nə edib sə öz ərazisində edib. Ermənistandan Qarabağda qeyri-qanuni separatçılara silah-sursatın, minaların daşınmasının birdəfəlik qarşısını aldı”,- deyə deputat qeyd edib.

Fərahim Rəhimov