Azərbaycan səfiri almaniyalı jurnalistləri Ermənistanla dialoqa dair məlumatlandırdıbackend

Azərbaycanın Almaniyadakı səfiri Berlində 40-dan çox alman və digər ölkə jurnalistləri ilə görüşüb.

Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 2-də Berlində fəaliyyət göstərən “korrespondenten.cafe” jurnalist klubunda Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniya və digər ölkələrin bu ölkədə akkreditə olunmuş 40-dan çox jurnalisti ilə görüş keçirib.

“Avropanın enerji təchizatçısı kimi Azərbaycanın rolu” mövzusuna həsr olunmuş tədbirdə məruzəçi qismində Almaniyanın UNIPER şirkətinin vitse-prezidenti Dr. Michael Hilmer də iştirak edib.

Tədbirin aparıcısı, “korrespondenten.cafe” klubunun rəhbəri, tanınmış jurnalist Ewald König tədbiri açaraq, çıxış üçün sözü Azərbaycan səfirinə verib.

Səfir Nəsimi Ağayev çıxışında öncə Azərbaycan neft sənayesinin inkişaf tarixi haqda məlumat verib. Ölkənin müstəqilliyini bərpa etməsindən sonra, 1994-cü ildə xarici şirkətlərlə “Əsrin Müqaviləsi”ni imzaladığını bildirən diplomat, o zamandan etibarən Azərbaycanın daim öz öhdəliklərinə sadiq qaldığını və özünü beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi sübut etdiyini qeyd edib. Səfir həmçinin, Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyenin Azərbaycana səfəri zamanı ölkə prezidenti İlham Əliyev ilə keçirdiyi görüşdən və tərəflər arasında imzalanmış Anlaşma Memorandumundan bəhs edərək, Azərbaycanın Avropanın enerji təchizatında etibarlı tərəfdaş olmasının sözügedən səfər zamanı da vurğulandığını dilə gətirib.

Diplomat Azərbaycanın təşəbbüsü və öncüllüyü ilə həyata keçirilən layihələrdən, o cümlədən Cənubi Qaz Dəhlizindən (CQD) danışaraq, CQD-nin tərkib hissəsi olan Cənubi Qafqaz Boru xətti, TANAP və TAP layihələrinin reallaşma tarixi və bu gün böyük həcmdə Azərbaycan təbii qazını Avropaya çatdırmaları barədə məlumat verib.

Diplomat Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və davamlı sülhün əldə olunması istiqamətində Azərbaycanın atdığı addımlar barədə jurnalistləri məlumatlandıraraq, “Qarabağ münaqişəsi”nin artıq həll olunduğunu və yaranmış yeni vəziyyətin, o cümlədən Zəngəzur dəhlizinin yaratdığı imkanların regionun iqtisadi inkişafı üçün münbit şərait yaratdığını söyləyib.

Daha sonra çıxış edən UNIPER şirkətinin vitse-prezidenti Dr. Michael Hilmer təmsil etdiyi təşkilatın Azərbaycan ilə həyata keçirdiyi əməkdaşlıqdan bəhs edib. Azərbaycanın nəinki geniş neft və qaz ehtiyatlarına və onların Avropaya ixrac potensialına malik olduğunu, eləcə də bu ölkədə bərpa olunan enerji mənbələri, o cümlədən günəş və külək enerjisi sahəsində böyük imkanların olduğunu vurğulayıb.

Çıxışlardan sonra səfir Nəsimi Ağayev və Michael Hilmer jurnalistlərin suallarını cavablandırıblar.