Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmayıb: Qarşıda yeni hədəflər var – Arzu Bağırovabackend

Bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrilmiş və ciddi dəyişikliklərə səbəb olan pandemiya şəraiti, iqtisadi problemlər, ayrı-ayrı regionlarda hərbi-siyasi qarşıdurmalar, siyasi kataklizmlər və s. bir çox güclü, inkişaf etmiş ölkələrin çox sayda problemlər və çətinliklərlə qarşılaşmasına səbəb oldu. Cənubi Qafqazın lider ölkəsi, dünyada güclü – qüdrətli, nüfuzlu və qalib dövlət kimi tanınan Azərbaycan isə öz inkişaf yolunda əmin addımlarla irəliləməyə davam etdi.

Azərbaycan üçün 2020-ci il 44 günlük Vətən müharibəsindəki qələbə və işğal olunmuş torpaqların qaytarılması ilə yadda qalmışdısa, 2021 daha çox işğaldan azad edilmiş torpaqlarda infrastrukturun bərpası istiqamətində yadda qalacaq.

Ötən il Azərbaycan üçün Zəfər ilinin, yaxud Zəfər yürüşünün davamı oldu. Belə ki, ötən il işğaldan azad olunmuş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışa hazırlıq məqsədilə mühüm layihələrin reallaşdırılması, xüsusilə də Müzəffər Ali Baş Komandanımızın əzəli və əbədi torpaqlarımıza möhtəşəm tarixi səfərləri mühüm əhəmiyyətə malik olmaqla yanaşı, milli yaddaşımıza əbədi həkk olundu. Bu, həmçinin Azərbaycanın milli inkişafın yeni mərhələsinə qədəm qoymasına imkan verən mühüm amillərdən biridir.

2021-ci il ərzində işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qaytarılması üçün ərazilərin minalardan təmizlənməsi, o cümlədən infrastrukturun bərpası və yenidən qurulması üzrə sistemli işlər davam etdirilib.

Ən mühüm hadisə oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Bu, çox qısa müddətdə tikilib – 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə Beynəlxalq Hava Limanının tikintisi ilə bağlı göstəriş verib, yanvarın 14-də aeroportun təməli qoyulub, 8 ay sonra – oktyabrın 26-da i Bundan əlavə, Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanları tikilir.

Noyabrın 7-də Füzuli şəhərini Şuşa ilə birləşdirən və ümumi uzunluğu 101 kilometr olan “Zəfər yolu”nun açılışı olub.

Ağdam sənaye parkının və “Araz vadisi iqtisadi zonası” sənaye parkının yaradılması istiqamətində işlərə başlanılıb, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin icrası davam etdirilir.

Ümumiyyətlə, dövlət Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında əlverişli investisiya mühiti yaradır, potensial rezidentləri və investorları cəlb etmək məqsədilə sahibkarlar və dövlət qurumları ilə daim əməkdaşlıq edir.

2021-ci ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bütün sahələri əhatə edən sistemli islahatların həyata keçirilməsi Azərbaycanın gücünün daha da artmasını şərtləndirdi. İslahatlar iqtisadiyyatın inkişafı, idarəetmədə səmərəliliyin artırılması, qanunun aliliyinin təmin olunması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsaslarının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik oldu. Xüsusilə də, siyasi dialoq prosesinin uğurla davam etdirilməsi milli birliyin – həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə oldu. 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, postmüharibə mərhələsində də siyasi qüvvələr milli maraqlara, xalqın və dövlətin mənafeyinə dair məsələlərdə birlik – vahid mövqe nümayiş etdirməklə Azərbaycan Prezidentinin qətiyyətli siyasətinə birmənalı dəstək verdilər. Bu isə xalqımızın həmrəyliyinin daha da güclənməsidir.

2021-ci il Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında yanvarın 11-də Moskvada keçirilən danışıqlarla başlayıb. Danışıqların yekununda tərəflər bütün nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması regionda iqtisadi əlaqələrin bərpası haqqında birgə bəyanat imzalayıblar.

Tərəflər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların bütün müddəalarının ardıcıl şəkildə həyata keçirilməsinə və onlara riayət edilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər, Azərbaycan və Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı, Azərbaycan Respublikası və Ermənistan Respublikasının dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.

Dekabrın ortalarında Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Brüsseldə Nikol Paşinyanla görüşüb. Ş.Mişelin sözlərinə görə, danışıqlar zamanı sərhəd və gömrük nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunması ilə dəmir yolu xəttinin bərpa edilməsi məsələsinə xüsusi toxunulub.

Ötən ildə Azərbaycanın xarici siyasətində mühüm mərhələ Türkiyə ilə qardaşlıq əlaqələrinin möhkəmlənməsi, o cümlədən ikitərəfli münasibətlərin yol xəritəsinə çevrilmiş Şuşa Bəyannaməsinin imzalanması oldu.

Sənəd iyunun 15-də Şuşada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi ikigünlük səfəri çərçivəsində imzalandı.

Azərbaycan koronavirus pandemiyası ilə mübarizəyə töhfə verməkdə davam edib. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında peyvəndlərin dünyada bərabər və ədalətli paylanmasının vacibliyini dəfələrlə vurğulayıb. Bu il ölkəmiz yardım olaraq müxtəlif ölkələrə – Bosniya və Herseqovina, Mərkəzi Asiya və Afrika ölkələrinə COVID-19-a qarşı vaksinlər göndərib.

Digər mühüm hadisə Azərbaycanın Ermənistana qarşı iddialar ilə BMT-nin Haaqakı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsi olub. Dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanda fəaliyyət göstərən fiziki şəxslər və təşkilatlar tərəfindən azərbaycanlılara qarşı irqi nifrət təbliğatının qadağan edilməsi üzrə müvəqqəti tədbirlər görülməsi ilə bağlı Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə həmçinin Ermənistanda azərbaycanlılara qarşı etnik zəmində insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsi ilə bağlı qərar qəbul edib.

Gələn ildə isə Azərbaycan Ermənistana qarşı daha iki iddia ilə beynəlxalq məhkəmələrə müraciət etmək niyyətindədir.

Əslində, bu uğurlar saysız-hesabsızdı. İndi isə 2022-ci ilin ilk günləridi. Qarşıda yeni mərhələ və yeni hədəflər durur. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan daha güclüdür, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq əzmindədir. Xalq-iqtidar birliyi ölkəmizin qarşısında yeni perspektivlər açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır”.

“Regional hüquqi və iqtisadi maarifləndirmə”

İctimai Birliyinin sədri Arzu Bağırova