Azərbaycanla Özbəkistan arasında əlaqələr, yüksək səviyyəli münasibətlər yaxın 5-10, hətta 20 ilə təsadüf etmir. Bakı ilə Daşkənd arasında ikitərəfli münasibətlərin tarixi əsrlərə dayanır. Səlcuqlar, Xarəzmşah, Əmir Teymurun, bütövlükdə Türküstan adlanan dövrdən formalaşan bu əlaqələr əsrdən-əsrə keçdikcə yeni mahiyyət və məzmun almış, Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdu. Hər nə qədər qəbul etməsək və bu günlər imperiya deyib lənətləsək də, etiraf etmək lazımdır ki, Bakı ilə Daşkənd arasında əlaqələrin inkişaf etdirilməsində keçmiş SSRİ-nin də “payı” az olmayıb. Hər iki ölkənin müttəfiq respublikalar tərkibində olması bu əlaqələri təkcə ittifaqdaxili deyil, eyni zamanda ikitərəfli formatda da inkişaf etdirirdi. Özbək və Azərbaycan pambıqçılarının qarşılıqlı səfərləri, həmin səfərlərdə hər iki ölkənin mədəniyyət və incəsənət xadimlərinin də iştirak etməsi, təkcə iqtisadi deyil, eyni zamanda mədəni sahədə də əməkdaşlığın inkişaf etdirilməsində mühüm rol oynayırdı.
Yuxarıda qeyd etdiyimiz kimi iki ölkə arasında günümüzdə müşahidə edilən yüksək səviyyəli əməkdaşlığa sovetlərin də müəyyən mənada “töhfə” verdiyini deyə bilərik. Belə ki, 1930-cu illərdə imperiyanın cəza maşınının həyata keçirdiyi kütləvi represiyalar zamanı on minlərlə azərbaycanlının sürgün edildiyi Orta Asiya regionunda soydaşlarımızın özünə sığınacaq tapdığı ölkələrdən biri də məhz Özbəkistan idi. Tam əminliklə deyə bilərik ki, Azərbaycanın bu gün region ölkələri, xüsusilə də Özbəkistanla əlaqələrinin yüksək səviyyədə olmasında 1930-cu illərdə həyata keçirilən represiyaların da müəyən mənada rol oynadığını zamanında SSRİ rəhbərliyi dərk etsəydi, o zaman azərbaycanlılar başqa bir müttəfiq respublikalara sürgün olunardı.
Azərbaycanla Özbəkistan arasında münasibətlər sovetlərin dağılması və müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsindəın sonra daha da inkişaf etməyə başladı. Hətta haqlı olaraq bir çoxları bu dövrü Azərbaycan-Özbəkistan arasında münasibətlərdə yeni bir mərhələ kimi qələmə verir. Düzdür, müstəqilliyin ilk illərində Bakı ilə Daşkənd arasında əlaqələr, qarşılıqlı münasibətlər arzuedilən səviyyədə deyildi. Lakin ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra hər bir ölkə kimi Özbəkistanla da əlaqələrdə, qarşılıq münasibətlərdə bir sıçrayış, inkişaf müşahidə edilməyə başladı. Bu bir tərəfdən Heydər Əliyev kimi böyük siyasi təcrübəyə malik insanın Azərbaycana rəhbərlik etməsi ilə bağlı idisə, digər tərəfdən ümummilli liderin hələ sovetlərin zamanından Özbəkistan rəhbərliyi ilə qurmuş olduğu dostluq, qardaşlıq münasibətləri ilə əlaqədar idi. Bir sözlə hər iki ölkənin siyasi rəhbərliyi- Özbəkistan prezidenti İslam Kərimov və Azərbaycanın dövlət başçısı Heydər Əliyev SSRİ zamanından qalan dostluq, qardaşlıq münasibətlərini, ölkələr arasındakı əlaqələri müstəqillik illərində yeni bir mərhələyə daşımağı qarşıya məqsəd qoymuşdu. Və həm Bakıda, həm də Daşkənddə buna olan maraq prosesin sürətlənməsinə vəsilə olurdu. Elə qarşılıqlı maraq və ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi baxımından ortaya qoyulan siyasi iradənin nəticəsi idi ki, 1995-ci ildən etibarən Bakı ilə Daşkənd arasında diplomatik əlaqələr quruldu. Həmin ilin oktyabr ayının 2-də qurulan Azərbaycan-Özbəkistan diplomatik əlaqələri bir neçə ay sonra, daha dəqiq desək, 1996-cı ilin ortalarında Daşkənddə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirliyinin açılması ilə sonuclandı. 1998-ci ilin may ayında isə Bakıda Özbəkistan Respublikasının səfirliyi fəaliyyətə başladı. Qeyd etdiyimiz kimi Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişafında dövlət başçıları arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri də mühüm əhəmiyyət kəsb edir və həyata keçirilən qarşılıqlı səfərlər Bakı ilə Daşkənd arasında əməkdaşlığı daha da inkişaf etdirirdi. Bu mənada Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun müstəqillik illərindən sonra ilk dəfə Azərbaycana səfər etməsi mühüm tarixi əhəmiyyət daşıyırdı. Mərhum İslam Kərimovun 1996-cı il, may ayının 26-27-də Azərbaycana baş tutan ilk rəsmi səfəri qarşılıqlı anlaşma və dostluq şəraitində keçməklə yanaşı, Bakı ilə Daşkənd arasında bir sıra sənədlərin imzalanması ilə yadda qaldı. Həmin səfər zamanı Azərbaycanla Özbəkistan arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalandı ki, bu da müstəqillik illərində iki ölkə arasında yüksək səviyyədə əlaqələrin qurulması və inkişaf etdirilməsini özündə ehtiva edirdi. Həmçinin həm İslam Kərimovun səfəri, həm də Bakıda imzalanmış sənədlər Azərbaycanla Özbəkistan arasında əlaqələrin inkişaf etdirilməsində siyasi iradənin ortada olduğunu göstərirdi. Elə həmin ilin oktyabr ayında ümummilli lider Heydər Əliyevin Özbəkistana səfəri də məhz yuxarıda qeyd etdiyimizi təsdiqləyirdi. Düzdür, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Daşkəndə səfəri həmin vaxt işgüzar xarakter daşıyırdı və səfərdə məqsəd Türkdilli Dövlətlərin Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək idi. Ancaq ümummilli lider Daşkənddə olarkən özbəkistanlı həmkarı ilə də görüşüb ikitərəfli münasibətlərin inkişaf dinamikasını müzakirə etmişdi. Artıq həm Bakı, həm də Daşkənd ikitərəfli münasibətlərin inkişaf etdirilməsindən razı idi və qarşıda duran hədəf, vəzifələr bu münasibətləri yeni bir mərhələyə çatdırmaq idi. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il, iyun ayının 18-19-da Özbəkistan Respublikasına etdiyi rəsmi səfər müstəsna əhəmiyyət kəsb edirdi. İslam Kərimovun Bakıda keçirdiyi rəsmi görüşlərin nəticəsi kimi, ümummilli lider Heydər Əliyevin də Özbəkistanda keçirdiyi görüşlərin, danışıqların nəticəsi olaraq Bakı ilə Daşkənd arasında müxtəlif sahələri özündə ehtiva edən 19 sənəd imzalandı. İmzalanmış sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaratdı.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Dövlətimizin başçısının 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci il martın 14-də BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Həmçinin 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəbin inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlər yekunlaşıb.
Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından xüsusilə məhsuldar olub. Məhz həmin il dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
2021-ci ilin noyabr ayında İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev işğaldan azad edilmiş Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına məktəb tikiləcəyini bildirmişdir. Hazırda tikinti işləri yüksək səviyyədə aparılır. Beş korpusdan ibarət olan məktəb binası Özbəkistan dövlətinin işğaldan azad olunmuş Füzuli torpağına və füzulililərə qardaş töhfəsidir. İllər keçəcək, zaman ötəcək, amma qardaş ərməğanı yaddaşlarımızda əziz xatirə kimi qalacaq. Ümumiyyətlə, Özbəkistan dövləti İkinci Qarabağ müharibəsi dövründə də Azərbaycana qarşı laqeyd qalmamış, torpaqlarımız işğaldan azad olunanda sevincimizə şərik çıxmış, qələbəmizi dəstəkləyən ölkələrdən olmuşdur. Ölkələrimiz arasında əlaqələr təkcə siyasi-iqtisadi yöndə deyil, mədəniyyət sahəsində də uğurla davam etdirilir. Ötən il oktyabrın 16-22-də Özbəkistanın Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilmişdir. Azərbaycan mədəniyyəti hər zaman özbək xalqı üçün maraqlı və sevilən olduğu kimi, azərbaycanlılar tərəfindən də özbək mədəniyyətinə, özbək musiqisinə maraq göstərilir.
(fotoda qardaş Özbəkistanın Füzulidə inşa etdiyi məktəb binası)
Sabah qardaş ölkənin dövlət başçısı ölkəmizdə rəsmi səfərdə olacaq. Bakı bir daha qardaşlıq rəmzi olduğunu nümayiş etdirəcək. İki ölkə arasında hərtərəfli əlaqələrin müzakirəsi aparılacaq. Bütün bunların şübhəsiz ki, qloballaşan dünyaya təsirləri çox böyükdür. Dünya da birlik hər zaman lazımdır. Xüsusilə bu gün üçün. Türk Dövlətləri Təşkilatının mövcud dövrdə rolunun artdığının bir daha şahidiyik.
Tanrı türkə yar olsun!
Fərahim Rəhimzadə
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi