Azərbaycanda nikah yaşı ARTIRILIR? – Bahar Muradovadan AÇIQLAMAbackend

“Nikah yaşının 18 olması ilə bağlı Komitə tərəfindən təklif çoxdan sürülüb. Biz bu təklifi elə belə verməmişik”.

News24.az bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bizm.Media-nın sualına cavab olaraq bildirib.

Bahar Muradova qeyd edib ki, bu təklif müxtəlif araşdırma, tədqiqat və sorğuların nəticəsində formalaşıb:

“Biz təklif vermişdik ki, nikah yaşında heç bir istisna olmasın. Yəni nikah yaşı vahid olaraq 18 yaş qəbul edilsin. Hər hansı istisna səbəb olmadan bu yaş həddi həm oğlan, həm də qızlara şamil edilsin. Çünki hər hansı istisna buna bənzər hadisələrin daha geniş yayılmasına səbəb olur. Buna görə də biz nikah yaşının bir yaş aşağı 17 yaş olmasının aradan qaldırılmasını təklif etmişik. Cəmiyyət artıq bunu müzakirə edir. Düşünürəm ki bu müəyyən zaman çərçivəsində artıq qanun layihəsində də öz əksini tapacaq, Ailə Məcəlləsinə bununla bağlı dəyişiklik ediləcək”.

B.Muradova onu da əlavə edib ki 17 yaşdan da aşağı yaş qrupunda olan qızlar ailə qurmaq məqsədilə kimlərə qoşulub gedirsə, bu xoşagələn hal deyil:

“Bu istiqamətdə valideynlərin yanaşması, onların maarifləndirilməsi ilə yanaşı gənclərin özlərinin də proqressiv düşüncəli olması vacibdir. Sadaladığımız yaş, yəni 16 yaş gənclərin təhsil alma, oxuma öyrənmə, savad bilik alma və gələcək üçün özünü cəmiyyətə hazırlama yaşıdır. Bu yaş nikah üçün çox erkəndir. Belə qurulan ailələr sonralar həm sosial, həm də psixoloji gərginlik yaradır. Biz bunun gənclərdə həm psixoloji, həm də fiziki zədə kimi müşahidə etmişik. Xüsusilə də ailələrdə bu məsələyə yanaşma qanun çərçivəsində olmalıdır. Uşaqların 18 yaşına qədər təhsilə yönləndirilməsinə diqqət yetirilməlidir. 18 yaşdan sonra isə oxumaq və ya ailə qurmaq istəyi gəncin öz qərarıdır”.