Dövlət Sərhəd Xidmətindən “Yeni Gündəm”-ə verilən xəbərə görə, saat 23:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun-larının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində boz rəngli VAZ-2107 markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadı təlimata uyğun maskalanaraq həmin şəxsin hərəkətini nəzarətdə saxlayıb, ağacın altından bir neçə bağlama götürərək avtomobilə doğru hərəkət edən zaman sərhəd naryadı ona “dayan” əmri verib. Lakin həmin şəxs əmrə tabe olmayıb, sərhəd naryadına qarşı müqavimət göstərməsinə və hadisə yerindən qaçmağa çalışmasına baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıb.
Onun saxlanılmasını görən VAZ-2107 markalı avtomobilinin sürücüsü avtomobili sərhəd naryadının digər üzvlərinin üzərinə sürərək onların həyatına sui-qəsd edib və hadisə yerindən uzaqlaşıb. Sürücünün şəxsiyyəti müəyyənləşdirilib…
Saxlanılmış şəxsin 1970-ci il təvəllüdlü, Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan, Rusiya Federasiyasının vətəndaşı Mehtiyev Şükür Əsgər oğlu olması müəyyənləşdirilib, onun avtomobilə daşıdığı və ağacın altında qalan bağlamalarda ümumi çəkisi 115 kq olan heroin, tiryək, marixuana və metafetamin növündə narkotik vasitələr, 1 ədəd 9 mm kalibrli “PAK RETAY-11” markalı tapança, 8 ədəd 9 mm kalibrli güllə, 1 ədəd daraq, 1 ədəd 12 kalibrli “Kral maqnium” markalı ov tüfəngi, 19 ədəd 12 kalibrli İran istehsalı olan “Mahama” markalı güllə aşkar olunub.
Hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb, cinayətkar qrupun digər üzvlərinin cinayət məsuliyyətinə cəlb olunması üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.