AzTU-da “Açıq qapı” günü keçirilib – FOTObackend

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai şurasının təşkilatçılığı ilə “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə İctimai şuranın üzvləri, universitet rəhbərliyi, tələbələrin valideynləri və media nümayəndələri iştirak edib.İctimai şuranın sədri Osman Gündüz bildirib ki, görüşün məqsədi imtahanlarla bağlı valideynlərin şikayət və təkliflərini dinləmək, həmçinin universitet rəhbərliyinin onların suallarını cavablandırmasıdır.

“Yeni Gundem” xəbər verir ki, Rektor Vilayət Vəliyev AzTU-da həyata keçirilən layihələr, imtahanlarda tətbiq olunan yeniliklər, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün atılan addımlarla bağlı ətraflı məlumat verib.

Görüşdə çıxış edən valideynlər imtahanların gedişindən razılıqlarını bildiriblər. Həmçinin növbəti semester üçün müxtəlif təkliflər səsləndiriblər. İctimai şuranın sədri Osman Gündüz “Açıq qapı” günündə iştirak edənlərə təşəkkürünü bildirib və belə görüşlərin mütəmadi keçiriləcəyini qeyd edib.

Daha sonra AzTU-nun kampusu ziyarət edilib və auditoriyalarda imtahanların gedişi izlənilib. Məlumat verilib ki, AzTU-da imtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib. Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçirilir.

Qeyd olunub ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və “Qaynar xətt” (+99412 539 13 05) fəaliyyət göstərir.