Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və ADY Qapalı Səhmdar Cəmiyyətinin birgə təşəbbüsü ilə, Dəmiryolu işçilərinin peşə bayramı münasibəti ilə Dəmir yol vağzalında tibbi aksiya həyata keçirildi.
“Yeni Gundem” xəbər verir ki, aksiya çərçivəsində 50 nəfərə gədər pasiyent müayinə olunub. Müayinələr əsasında refraksiya patalogiyası, katarakta, quru göz sindromu və s. diaqnozlar aşkar olundu. Bununla yanaşı peşə bayramı münasibəti ilə katarakta diaqnozu təyin olunmuş xəstələrə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində cərrahi əməliyyat olunacaq.
Aksiyanın keçirilməsində məqsəd əhaliyə yerindəcə xidmət göstərərək, onların görmə patologiyasının erkən diaqnostikasını aşkar edərək həll olunmasına köməklik göstərmək, profilaktik müalicə tədbirləri həyata keçirməkdir. Müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi dr. Nəbiyeva Aynur, rezident Quliyeva Səbinə və Ələkbərova Nuranə tərəfindən həyata keçirildi.
Həmçinin aksiyada “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölməsinin müdiri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, təşkilat şöbəsinin əməkdaşı Züleyxa Yusifova iştirak edirdilər.