“Bakı İran investisiyalarının mərkəzinə çevrilə bilər” – Natiq Cəfərlibackend
“Əgər İran dünyaya açılmağa başlasa, Azərbaycan bundan böyük iqtisadi dividenlər götürə bilər”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu gələn il üçün regiondakı iqtisadi vəziyyəti iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçının fikrincə, Azərbaycan işğaldan azad olunan torpaqların bərpası üçün daha yaxşı iqtisadi fürsətlər, xarici kapitala daha münbit şərait yaratmağa borcludur:

“2021-ci ilin ən maraqlı geo-siyasi məsələlərindən biri Qərblə, əsasən də ABŞ ilə İran arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı olacaq. Bayden bəyan edib ki, İranla sazişə geri dönəcək, sanksiyalar addım-addım ləğv ediləcək və bunu AB ölkələri də istəyir. İran Avropanın Rusiya qazından asılılığını azaltmaq üşün ən önəmli qaynağı olan ölkədir və AB şirkətləri İrana böyük maraq və həvəs göstərirlər. Əgər İran dünyaya açılmağa başlasa, Azərbaycan bundan böyük iqtisadi dividenlər götürə bilər. Əgər normal sistem, hüquqi dövlət, xarici şirkətlər üçün münbit şərait yaratsaq, Bakı İran investisiyalarının moderatoruna, mərkəzinə çevrilə bilər. Logistik üstünlüklərimizi iqtisadi fürsətlərə çevirmək üçün böyük şans yaranacaq”.

Natiq Cəfərliyə görə, önəmli məsələlərdən biri də bir çox Qərb şirkətlərinin İranda daimi çalışmaq üşün mərkəzi ofislərini Bakıda, Azərbaycanda açmaq istəyidir:

“Həmin şirkətlər bunun üçün münbit şəraiti gözləyirlər. Çünki İran Qərb iş adamları üçün indi komfortlu ölkə deyil. Sosial həyat, opera-balet, teatr, restoran, bar, kafe, pub yox, əyləncə yoxdur (ən azından açıq və hürküsüz), alkoqol qadağası var. Bir sözlə, Qərb iş adamları işləməyə İranı, yaşamağa, dincəlməyə isə Azərbaycanı seçə bilərlər. Hətta cənub bölgəmiz bundan daha çox pay, iqtisadi fürsət yaxalaya bilər. Lənkəranda, Astarada böyük biznes-ofis mərkəzləri, komfortlu ev, mənzil kirayə bazarı, ictimai iaşə və turizm obyektləri yarana bilər. Logistik üstünlüyümüz bizim iş adamlarının da İran bazarına geniş açılmağa imkan, Qərb şirkətləri ilə birgə müəssisələr yaratmağa fürsətlər yarada bilər”.

Gülay