“Seçki kampaniyasının başlamasından cəmi bir neçə gün keçib, lakin bir qəribəliyin şahidi olmuşam. Məlum olub ki, Dairə Seçki Komissiyası 22 və 23 saylı seçki məntəqələrini namizədinin ailəsinə məxsus “Bakı Tikiş Evi”nin ərazisində yerləşdirib”.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Elçin Əliyev bildirib. O qeyd edib ki, seçki onun rəqibi, “Bakı Tikiş Evi”nin sahibi Fidail Rəhimovun oğlu Elnur Rəhimovun ailəsinə məxsus mülkiyyətdə keçiriləcək, çünki hər iki məntəqə onun ərazisinə düşür: “Mənim kimi Elnur Fidail oğlu Rəhimov da 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
O, atası Fidail Rəhimovun sahibi olduğu “Bakı Tikiş Evində” maliyyə üzrə direktor müavini vəzifəsində çalışır. Lakin məni çaşdıran odur ki, Dairə Seçki Komissiyası 22 və 23 saylı seçki məntəqələrini namizədinin ailəsinə məxsus “Bakı Tikiş Evi”nin ərazisində yerləşdirib.
Təsəvvür edirsiniz? İki məntəqədə seçkilər namizədin ailəsinə aid mülkiyyətdə keçiriləcək!
Amma narahat olmayın, mən yenə də qazanacağam”.