Bakı və Berlin -Yeni dövr, yeni gündəlik və yeni hədəflərbackend

Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya hələ 2004-cü ildə gerçəkləşmiş ilk rəsmi səfərinin yekunları iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu bir daha təsdiqləmişdi. Səfər çərçivəsində imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açmışdır.

2007-ci ilin fevralında Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına növbəti səfəri ikitərəfli əməkdaşlığın yeni mərhələyə daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Əldə edilən nəticələr deməyə əsas verir ki, qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Rəsmi Berlin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdıran Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir. Almaniya gələcəkdə enerjiyə artan daxili tələbatlarını Azərbaycandan idxal edəcəyi neft və təbii qaz hesabına təmin etmək, beləliklə, həm də alternativ enerji mənbəyi qazanmaq niyyətindədir. Bundan başqa, respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Almaniya üçün də vacib önəm daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin dəvəti ilə bu günlərdə adıçəkilən ölkəyə işgüzar səfəri də əlamətdar hadisələrlə yadda qalmışdır. Görüş zamanı ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğu və bu sahədə əməkdaşlığı genişləndirmək üçün mövcud potensialdan istifadə edilməsinin zəruriliyi qeyd olundu. Prezident İlham Əliyev Almaniyaya üç il əvvəlki səfərindən ötən müddət ərzində bu ölkə ilə əlaqələrin sürətlə inkişaf etdiyini bildirmişdi: “Üç il bündan əvvəl biz Sizinlə burada – Berlində görüşmüşdük. O görüşdən sonra bu günə qədər Almaniya ilə Azərbaycan arasında mövcud olan münasibətlər çox sürətlə inkişaf etmişdir. Siyasi əlaqələr çox yüksək səviyyədədir. İqtisadi sahədə qarşılıqlı maraq böyüyür və bu gün 100-ə yaxın alman şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz çox istəyirik ki, iqtisadi sahədə əməkdaşlıq daha da dərinləşsin. Çünki bunu etmək üçün çox gözəl imkanlar vardır. Azərbaycan bu gün müasirləşmə dövrünü yaşayır. Əlbəttə ki, ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün bizə qabaqcıl texnologiya lazımdır. Onlar da əlbəttə ki, Almaniyada çox yüksək səviyyədədir”.

Səfər çərçivəsində Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də enerji təhlükəsizliyi məsələləri əsas müzakirə mövzularından biri olmuşdur. Kansler Angela Merkel iki ölkə arasında əməkdaşlığı belə xarakterizə etmişdir: “Mənə belə gəlir ki, biz əməkdaşlığımızı “qələbə-qələbə” formulunda qura bilərik. Mən bunu deyəndə nəzərdə tuturam ki, hər iki tərəf bu əməkdaşlıqdan faydalana bilər. Biz Almaniya hökuməti olaraq texniki yeniliklərimizi təklif edirik və Azərbaycan neft-qaz ölkəsi kimi bizim üçün əlbəttə ki, çox vacib tərəfdaşlardan biridir. Neft-qaz sahəsindən danışanda, əlbəttə ki, Nabukko layihəsini qeyd etməmək mümkün deyildir. Biz bü gün görüşümüz çərçivəsində iqtisadi layihələr, həmçinin Nabukko layihəsi haqqında danışacağıq. Amma yalnız bu layihələr haqqında deyil, eyni zamanda, Azərbaycanın demokratik inkişafı, hüquqi dövlətçilik haqqında söhbət aparacağıq”.

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində Münxen Təhlükəsizlik Konfransının “Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc” mövzusunda müzakirələrdə iştirak etmişdir. Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı son onilliklər ərzində dünyanın əsas təhlükəsizlik siyasəti tədbirinə çevrilmişdir. Hər il dünyanın aparıcı siyasi xadimlərinin iştirak etdiyi bu konfransda intensiv olaraq indiki və gələcək təhlükəsizlik problemləri müzakirə olunur. Prezident İlham Əliyev konfransda çıxışı zamanı bildirmişdi: “Enerji şaxələndirilməsi sahəsində görülən işlər bu gün sonrakı inkişaf üçün yaxşı imkanlar yaradır. 2007-ci ildən əvvəl Azərbaycan qaz idxal edirdi. Lakin bizim işlənilməsinə başladığımız böyük qaz yataqlarımız vardır. Hazırda isə Azərbaycan nəinki öz daxili tələbatını təmin edir, o cümlədən qazı müxtəlif istiqamətlərdə ixrac edir. Ölkəmizdə qaz hasilatının həcmi artır. Umid edirik ki, bu il qaz hasilatının həcmi 30 milyard kubmetrə yaxın olacaqdır. Daxili tələbatın həcmi isə hasil olunacaq həcmin təxminən üçdə birinə bərabərdir.

Bu, o deməkdir ki, bizdə ixrac üçün böyük həcmdə təbii qazımız olacaqdır. Bilirik ki, Avropanın bizim təbii qaza ehtiyacı vardır. Avropa tərəfdaşlarımızla enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi məsələləri üzərində çalışırıq”.

Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməkdədir. Zəngin neft-qaz ehtiyatlarına malik olan respublikamız yaxın gələcəkdə Avropa Birliyi ölkələri ilə daha sıx əməkdaşlıq edəcəkdir. Bu gün Azərbaycanla Almaniya arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqına və digər avrostrukturlara inteqrasiya prosesində rəsmi Berlinin hərtərəfli dəstəyinə ümid edə bilər. Almaniya isə Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

Prezidentin Almaniya səfərini və Azərbaycan-Almaniya münasibətlərini Azərbaycan Parlamentinin üzvü Elşad Mirbəşiroğlu ilə müzakirə etdik.

Millət vəkili “Yeni Gundem”-ə açıqlamasında bildirdi ki, Almaniyanın Avropa İttifaqındakı vəziyyətə birbaşa təsiri var.

“Nəzərə almaq lazımdır ki, müasir dünyanın inkişaf etmiş dövlətlərindən biridir.Avropanın həm siyasi,həmdə iqtisadi lokomotiv ölkəsidir.Bütovlükdə Avropa İttifaqındakı vəziyyətə Almaniyanın birbaşa təsiri var.Almaniyanın iqtisadi və siyasi gücü buna imkan verir.Azərbaycan Prezidentinin Almaniyaya səfəri Azərbaycanın ümumilikdə Avropa ilə münasibətlərinin inkişafı xüsusi rol oyanacaq.Almaniya şirkətləri ölkəmizin iqtisadiyyatında kifayət qədər fəal rol oynayırlar.Uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir.Hazır ki, məqamda Azərbaycana marağın daha da artığını müşayiət etməkdəyik.Azərbaycan və Almaniya arasında bundan sonra əməkdaşlığı inkişaf etdirmək üçün kifayət qədər geniş imkanlar mövcuddur.Prezidentin səfəri zamanı da bunların müzakirəsi sözsüz ki aparılıb.Qeyd etmək lazımdır ki, Almaniya regionlarda yüksək inkişafı təmin etmə təcrübəsinə malikdir.”-deye o qeyd etdi.

Fərahim Rəhimov