Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə səfir Cahit Bağcı, səfirlik əməkdaşları, Bakıdakı türk qurum və təşkilatların nümayəndələri, Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Cahit Bağcı qəhrəman şəhidlərin xatirəsini rəhmətlə yad etdiyini bildirib.
Türkiyənin bir çox çevrilişlərlə üzləşdiyini xatırladan C.Bağcı 15 iyulda baş verənlərin dövləti ələ keçirmə əməliyyatının son aktı olduğunu qeyd edib.
Türk millətinin cəsarət və uzaqgörənliklə şanlı müqavimət göstərərək bu vəziyyətin qarşısını aldığını vurğulayan Bağcı “15 iyul qlobal güclərin böyüyən və inkişaf edən Türkiyəyə qarşı qlobal əməliyyatıdır. Bu xəyanətin qarşısı Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dik duruşu və xalqın prezidentinə sahib çıxması ilə alındı.
FETÖ xaricdəki fəaliyyətini hələ də davam etdirir. Xəyanət şəbəkəsi qlobal səviyyədə hələ də aktivdir. Türkiyəyə qarşı fəaliyyət göstərirlər. Onlar qlobal imperializmin Türkiyəyə qarşı seçdiyi əlaltılar və ruhlarını satmış xainlərdir. Türkiyə FETÖ-yə qarşı mübarizəsini qlobal səviyyədə də davam etdirir. Mübarizəmizdən əl çəkməyəcəyik, əzm və qətiyyətlə davam edəcəyik. Xəyanəti və xəyanətə dirənən şəhidlərimizi heç vaxt unutmayacağıq. 15 iyul ruhunu yaşatmağa davam edəcəyik. Prezidentimizin qətiyyəti bizim üçün ən mühüm güc mənbəyidir”, – deyib.
Səfirliyinin daxili işlər müşaviri Mustafa Çakır çıxışında FETÖ-nün tarixi prosesi, 15 iyul gecəsi baş verənlər və ondan sonra aparılan araşdırmalardan danışıb.
“Bu, teatr deyildi, gerçək idi. Allaha şükürlər olsun ki, Prezidentimizin mətanəti və millətimizin iradəsi ilə bu çevriliş cəhdinin qarşısı alındı və bir dastan yazıldı”, – deyə o bildirib.
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı 15 iyul dövlət çevrilişinə cəhdin təkcə Türkiyə üçün deyil, həm də türk dünyası üçün mühüm hadisə olduğunu vurğulayıb.
“Bu, sadəcə bir çevriliş deyildi. Vətəndaş müharibəsi başlatmaq istəyirdilər. Çünki millətin müqavimət göstərəcəyini bilirdilər. Uzunmüddətli vətəndaş müharibəsi planlaşdırmışdılar. Şükürlər olsun ki, qısa zamanda qarşısı alındı. Türkiyənin öz maraqları üçün istifadə edə biləcəkləri bir ölkə olmasını istəyirdilər. Amma bunun belə olmadığını gördükdə çevriliş cəhdi etdilər. 15 iyul Türkiyənin gücünü tükətmək üçün istifadə edilən bir strategiya idi. Sadəcə hökumətə yox, həm də dövlətə uzun müddət özünə gələ bilməyəcəyi zərbə vurmaq istəyirdilər. Çevrilişin arxasındakı qlobal məqsədləri çox yaxşı bilməliyik. Bu böyük oyunu görməliyik”, – Aslanlı deyib.
15 iyul dövlət çevrilişinə cəhd zamanı baş vermiş hadisələri əks etdirən fotoşəkillərin də sərgiləndiyi tədbir səfirliyin din müşaviri İhsan Açıkın Quran tilavəti ilə başa çatıb.