Bakının Nizami rayonunda özündən 23 yaş kiçik olan sevgilisini qətlə yetirməkdə ittiham olunan 1963-cü il təvəllüdlü Sahib Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Yeni Gündəm”-in məlumatına görə, Sahib Babayev 4 mart 2020-ci ildə, saat 20 radələrində faktiki nikah münasibətində olduğu Elnarə Ağarzayevanın hədsiz qısqanclıq nümayiş etdirdiyinə görə həmin mənzili tərk edib, ayrı ünvanda kirayədə yaşamasının övladlarının tərbiyəsinə mənfi təsir göstərəcəyi üçün iradını bildirib.
Sahib Babayev qısqanclığına son verəcəyini, şəxsi işlərinə müdaxilələri azaldacağını vəd edərək öz evində qalması barədə əvvəllər də dəfələrlə etdiyi xahişinin Elnarə Ağarzayeva tərəfindən bir daha rədd edilməsi ilə əlaqədar aralarında mübahisə baş verib.
Mübahisə zamanı Sahib Babayev əsəbiləşərək Elnarə Ağarzayevanın sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirib. Bu hərəkətinə görə Elnarə Ağarzayeva Sahib Babayevin ünvanına nalayiq ifadələr işlədib.
Bundan sonra Sahib Babayev götürdüyü bıçaqla Elnarə Ağarzayevaya çoxsaylı zərbələr vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
İstintaq orqanı tərəfindən Sahib Babayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Sahib Babayevin cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar Mikayılovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib Babayev bildirib ki, hadisədən bir müddət əvvəl Elnarə evə gəlib: “Dedi ki, kirayə tutub, evdən çıxır. Bu sözlərinə əsəbləşdim, onun getməsinə mane olmaq məqsədilə qarnımı bıçaqla kəsdim. Elnarə bu hərəkətimdən qorxduğu üçün 2 gün gözləməyini dedi. Axırıncı görüşümüzdə qızım mənə baxdı, ağladı. Elnarə zorla uşağı dartaraq apardı. Elnarəyə evə qayıtmasını, birdə o evə gəlməyəcəyimi, uşağı ora-bura aparmamasını dedi”.
Sahib Babayevin sözlərinə görə, hadisə günü uşağı görməyi üçün görüşüblər: “Biz birlikdə olarkən bir qadın zəng elədi ki, evə gəlir. Həmin qadın Elnarəyə kosmetoloji xidmət göstərməsi üçün gəlmişdi. Evə getdiyimiz zaman Elnarə həmin xanımla evdə onun kosmetoloji xidmət göstərdiyi otağa keçdi. Mən isə qızımla birlikdə digər otağa keçdik. Uşağa peçenya yedizdirdikdən sonra qızım yorğun olduğu üçün yatdı. Bir müddət sonra həmin qadın getdi. Elnarə otaqdan çıxdı və mənə getməyinmi dedi. Mən ona uşağın yatdığını, getməməyimi, bir daha gəlməyəcəyimi dedim. Elnarə mənə qulaq asmadı. “Uşaq mənimdi, özüm bilərəm.” dedi. Elnarənın üzündən bir dəfə vurdum. Söyüş söyməyə başladı və dedi ki, heç nə edə bilməzsən. Bıçağı əlimə aldım, onu qucaqladım. Bu vaxt Elnarə yerə yıxıldı. Üzünü çevirəndə qan olduğunu gördüm. Uşağı götürərək maşına apardım. Sonrasını xatırlamıram”.
Cinayət işi üzrə zərərçəkmiş Elnarə Ağarzayevanın hüquqi varisi qismində bacısı tanınıb. Hüquqi varis ifadəsində göstərib ki, Elnarə Novosİbirski şəhərində universitetlərdən birinin gömrük işinin təşkili fakültəsini bitirdikdən sonra işə düzəlmək üçün təxminən 2010-cu ildə Bakı şəhərinə gəlib: “İşə düzələ bilmədiyinə görə “Mərkəzi Univermaq”da qızıl dükanlarından birində satıcı işləməyə başlayıb. 2012-ci ildən müştəri kimi ona yaxınlaşmış Sahib ilə faktiki nigah münasibətinə başlayıb, dini kəbin kəsdirdib. Sahib özünü onlara subay kimi təqdim edərək arvadının öldüyünü, üç övladı olduğunu və üçüncü övladının azyaşlı olduğuna görə onunla gecələmək məcburiyyətində olduğunu dedi”.
Hüquqi varis qeyd edib ki, 2016-cı ildən Rusiyada olub: “Hadisə gündə Bakıda olmamışam. Elnarə və Sahib 8 ildir bir yerdə olublar. Sahibin 1-ci yoldaşının olduğunu bilmişik, amma ikinci yoldaşından xəbərlərimiz olmayıb. Sonradan 2-ci yoldaşının olduğunu bildik. Son dəfə Elnarə ölməmişdən 3 ay əvvəl Sahibi gördüm”.
Hüquqi varis qeyd edib ki, Elnarə 2018-ci ildə uşağı Rusiyada dünyaya gətirib: “Sahibin psixoloji problemi olduğunu bilməmişik. Sahib özü hadisə barədə anama səsli mesaj atıb, Elnarənı öldürdüyünü deyib”.
Məhkəmənin hökmü ilə Sahib Babayevin cinayəti anlaqsız vəziyyətdə törətməsi müəyyən edilib. Onun barəsində məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilib.
Demokrat.az