Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda gecə klubunda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Yenigundem” in ölkə.az-a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror Mübariz Mirili ittiham aktını elan edib.
İttihama münasibət bildirən M.Sərxanbəyov özünü qismən təqsirli bilib: O, söyüş üstündə iki nəfəri bıçaqladığını deyib:
“Həmin adamlar mənə söydülər, üstümə hücum etdilər. Bıçağı qorxutmaq üçün çıxardım, vurmaq məqsədim yox idi. Lakin onlar mənə yenə də söyüş söyərək, vurmağa təhrik etdilər”.
O deyib ki, əslində, hadisəyə yolda dayanan dilənçi səbəb olub:
“Hadisə günü mən klubun qabağında dayanmışdım. Həmin vaxt bir dilənçinin ağladığını gördüm, soruşdum ki, sənə nə olub? Bu şəxslər də “Sənin nə işinə qalıb, dilənçi niyə ağlayır?”, – deyə soruşdular. Mən isə onlara yolları ilə getməyi məsləhət gördüm, qulaq asmadılar. Buna görə aramızda mübahisə yarandı”.