Bakıda Mərkəzi və Qərbi Asiya Qulaq, Burun, Boğaz və Baş Boyun Cərrahiyyəsi Cəmiyyəti ilə Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin konqresi keçirilib.
“Yeni Gündəm”-in məlumatına görə, konqresin açılışında Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, azərbaycanlı deputatlar, həkimlər və elm adamları iştirak ediblər.
Səfir Cahit Bağcı tədbirdəki çıxışında alimlərin fikirlərinə, yazdıqlarına, tətbiq etdiklərinə ehtiyac olduğunu deyib.
Konqres iştirakçılarından Türkiyə Qulaq, Burun, Boğaz və Baş Boyun Cəmiyyətinin prezidenti Prof. Dr. Özgür Yiğit mətbuata açıqlamasında bildirib ki, indi başqa ölkələrlə bir yerdə görüşlər keçirmək, təcrübə mübadiləsi aparmaq İndi çox yayılmış elmi metoda çevrilib.
Bu metodun ən mühüm vasitələrindən birinin də konqreslər olduğunu ifadə edən Ö.Yiğit Türkiyə ilə digər türk respublikalarının birgə yaratdığı Qulaq, Burun, Boğaz və Baş Boyun Cərrahiyyəsi Cəmiyyətinin Bakıda konqres təşkil etməsinin vacib olduğunu vurğuladı.