24 oktyabr 2023-cü il tarixində Qazaxıstanın Azərbaycandakı Səfirliyi Respublika Gününün qeyd olunması münasibətilə təntənəli qəbul keçirib.
Tədbirdə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, Azərbaycanın Energetika Naziri, Qazaxıstan-Azərbaycan Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həmsədri Pərviz Şahbazov, Azərbaycan parlamentinin deputatları, dövlət orqanlarının nümayəndələri, diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, mədəniyyət xadimləri və ictimai fəallar, biznes dairələrinin və KİV-lərin nümayəndələri, o cümlədən Azərbaycanda təhsil alan və işləyən qazaxıstanlılar iştirak edib.
Qəbulun rəsmi hissəsi zamanı ənənəvi olaraq Qazaxıstanın və Azərbaycanın milli himnləri səslənib, Səfir Alim Bayel və Nazir Pərviz Şahbazov salamlama nitqləri ilə çıxış ediblər.
Alim Bayel öz çıxışında son ildə Qazaxıstan-Azərbaycan əməkdaşlığının inkişaf templərinin ilk növbədə iki ölkə Prezidentləri arasında etimada söykənən dialoqu sayəsində sürətləndiyini qeyd edib. Səfir, Azərbaycanı və Qazaxıstanı türk eyniliyi birləşdirdiyini və hər iki ölkənin regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün birgə çalışdığını vurğulayıb. Diplomat həmçinin Orta Dəhliz (TBNM), Xəzər dənizin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi, Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqli kimi iri layihələrin həyata keçirilməsindən söz açıb.
Pərviz Şahbazov çıxışında münasibətlərin qardaşlıq xarakterini daşıdığını, iki ölkə və xalq arasında strateji tərəfdaşlığını vurğulayıb.
Sonda, Nazir qardaş Qazaxıstan xalqına uğurlar, tərəqqi və sülh arzulayıb.
Tədbir zamanı A.Bayel Prezident K.Tokayevin adından və tapşırığına əsasən Azərbaycan Respublikasının xadimlərinə dövlət mükafatları və fəxri fərmanları təntənəli şəkildə təqdim edib. Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Qazaxıstan və Azərbaycan xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasət Məsələləri üzrə Köməkçisi Hikmət Hacıyev və Azərbaycanın tanınmış nasiri, publisisti, ssenaristi və tərcüməçisi Nəriman Əbdülrəhmanlı II dərəcəli “Dostluq” ordeni ilə təltif olunublar. Qazaxıstanla Azərbaycan arasında qardaş münasibətlərin təşviqi, ikitərəfli strateji əməkdaşlığın möhkəmləndirilməsi üzrə verdiyi töhfələrə görə Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin Sədri Fərid Şəfiyev Qazaxıstan Respublikası Prezidentinin Fəxri Fərmanları ilə təltif olunublar.
Rəsmi qəbul çərçivəsində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, Qazaxıstanın Mərkəzi Dövlət Muzeyi və Qazaxıstanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunan etnoqrafik sərgi qonaqlara təqdim olunub. Tədbir qonaqları qazax xalqının ənənəvi mədəniyyətinin müxtəlifliyini əks etdirən qədim təsərrüfat və məişət əşyaları, geyimləri, atçılıq avadanlıqları, xalça-keçə və digər milli məmulatları ilə tanış olublar. Eyni zamanda tematik fotosərgi təşkil olunub. Dəvət olunanlar fotoşəkillərdə əks olunan Qazaxıstan peyzajları ilə tanış olublar.
Tədbirdə Şımkent Şəhər Opera və Balet Teatrının artistləri konsert proqramı ilə çıxış ediblər. Qazax və Azərbaycan xalq mahnıları ifa olunub və rəqsləri nümayiş olunub, Qazaxıstan və Azərbaycanın tanınmış bəstəkarlarının əsərləri səsləndirilib.
Qonaqlara həmçinin Qazaxıstan milli mətbəxinin təamları və tanınmış Qazax müəlliflərin Azərbaycan dilində olan kitabları təqdim olunub.