Baş prokuror Laçında göstərişlər verdibackend

Xəbər verdiyimiz kimi, Laçın Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimi olub. 

Baş Prokurorluğun Mətbuat xidmətindən “Yeni Gundem”ə verilən məlumata görə, mərasimdən sonra Baş Prokurorluq rəhbərliyi, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev zəruri tapşırıq və göstərişlərini verib.

Kamran Əliyev bildirib ki, Laçın şəhəri işğal edildikdən Azərbaycanın nəzarətinə verilənədək Ermənistanın aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olmuş 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılıb məhv edilib, istismara yararsız vəziyyətə salınıb.

Bundan əlavə, 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınıb, 8-nə isə müxtəlif həcmli zərər vurulmuşdur. Ümumilikdə 190 inzibati binadan 143-ü qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 47-nə isə müxtəlif həcmli zərər vurulub.

Qeyd olunub ki, işğal müddətində Laçın şəhərində yerləşən Azərbaycan vətəndaşlarına məxsus 509 fərdi yaşayış evlərində yaşamış erməni milliyətindən olan şəxslər tərəfindən 2022-ci ilin avqust ayında Laçın şəhəri Azərbaycana təhvil verilərkən Ermənistanın aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə həmin evlərin divarları, tavanları, döşəmələri, dam örtükləri, qapı və pəncərələri qəsdən sökülərək, habelə yanğınlar törədilərək həmin evlərə müxtəlif həcmli ziyan vurulub, istifadə üçün yararsız vəziyyətə salınıb, eyni əməllər Laçın rayonunun kəndlərində də törədilib. Qeyd edilən faktlar Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə mötəbər sübutlarla müəyyən edilib.