Bayrağa növbəti hörmətsizlik: düzəltmək yerinə oradan SÖKÜB ÇIXARDILAR – FOTOFAKTbackend

Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən 10 saylı uşaq bağçasında xoşagəlməz hadisə baş verib.

Milli.Az-a kənd sakinlərindən daxil olan məlumata görə, bağçanın fasadından Azərbaycan Bayrağı asılsa da, ortaya belə bir xoşagəlməz mənzərə çıxıb:

Divardan asılan bayraq ora tərs bərkidilib. Ötən gün günorta saat 1 radələrində bunu görən kənd sakini bağçaya daxil olaraq xoşagəlməz halla bağlı səlahiyyətli şəxslərə iradını bildirib. Ona tez bir zamanda bu yanlışlığın aradan qaldırılcağı deyilib.

Lakin elə həmən gün təxminən 3 saat sonra bağçanın yerləşdiyi ərazidən keçən şəxslər fərqli bir mənzərənin şahidi olublar. Belə ki, hadisə şahidləri bir neçə saat əvvəl tərsinə asılan bayrağın söz verildiyi kimi düzəldilmək əvəzinə ümumiyyətlə divardan sökülüb çıxarıldığının şahidi olublar.

Aldığımız məlumata görə, hadisənin üstündən iki gün keçməsinə baxmayaraq sökülən bayraq hələ də yerinə asılmayıb.

Vətən müharibəsinin 2-ci il dönümü və Zəfər bayramının qeyd edilməsi hazırlıqlarının hər addım başı hiss edildiyi bir ərəfədə uğrunda 3 mindən çox şəhid verilən, minlərlə övladının sağlamlığından olduğu üçrəngli şanlı bayrağımıza qarşı bağça rəhbərliyi tərəfindən belə bir hörmətsizlik yolverilməzdir.

Milli.Az bu absurd qərarla bağlı bağça müdirəsinin fikrini öyrənmək məqsədilə onunla əlaqə saxlamağa cəhdlər etsə də nəticə verməyib.