Bayramqabağı qiymətlər: “Elə onun dərdindən Azərbaycandan qaçmışıq” – Meyxanaçıbackend

Bayram süfrəsini bəzəmək istəyənlər indidən bazarlara üz tutur. İnsanlar bayram ərəfəsində qiymətlərin daha da artacağından narahatdır, buna görə də alış-verişə indidən başlayıb.

Piştaxtalar və vitrinlər bir-birindən fərqli məhsullarla dolsa da, qiymətlər hamı üçün əlçatan deyil. Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni, meyxanaçı Samirə Yusifqızı bazarlığa hər zaman özünün getdiyini, qiymətlərdən xəbərdar olduğunu bildirib:

“Cəmiyyət arasında gəzən “məşhurlar onsuz da bazarlığa getmir, qiymətlərdən xəbərləri yoxdur” fikri doğru deyil. Niyə getmirik ki?! Biz də hamı kimi bazarlığımızı edirik. Şəxsən mən özüm gedirəm, hər şeyi də alıram. Özüm məhsula baxmasam, bəyənməsəm, onu ala bilmərəm.

Əksinə, evdəkilər gedəndə ürək edib hər hansı məhsula o qədər pul vermir, amma özüm gedəndə məcbur olub deyilən pulu verirəm.

Bazarda qiymətlər dəhşət qalxıb. Elə onun dərdindən Azərbaycandan qaçmışıq. Hazırda Rusiyadayam, 3-5 manat pulun avarasıyıq. Gəlmişik ki, heç olmazsa, burada pul qazanaq, ailəmizə bazarlıq pulu göndərək.

Qiymətlər hədsiz çox qalxıb, hamı kimi bunu mən də müşahidə edirəm, hər şeydən xəbərim var”.

Sənətçi daha çox ətin qiymətindən gileylənib:

“Yaxınlarım da danışanda deyir ki, Azərbaycanda hər şeyin qiyməti qalxıb, xüsusən ətin. Adətən, hər bayramda ətin qiyməti bir az qalxır, sonra da düşmək bilmir. Belə sonumuz hara gedir?!

Yazıq kasıb insanlar ətin dadını yadlarından çıxarıblar, vallah. Elə mən də kasıbam, milyoner deyiləm, amma hər halda, 5-10 manat oradan-buradan tapırıq, bəs tapa bilməyən nə etsin?!

Çox çətindir, həddən artıq ağırdır. İnsanlar məcburdular ki, 5 manata görə çöllərə düşsünlər”.