“Bazarstore” yayılan məlumatlara aydınlıq gətirdi – Açıqlamabackend

“Bazarstore” “Broyler məhsulları “Bütöv kənd toyuğu” adı ilə satıldı – “Bazarstore” müştəriləri aldadır” başlığı altında yayılan məlumatlara aydınlıq gətirib.

“Bazarstore”dan “Yeni Gündəm”-ə verilən məlumata görə, bu barədə mediada yayılan məlumatlar əsassızdır.

Bildirilir ki, 18.04.2022-ci il tarixində “Broyler məhsulları “Bütöv kənd toyuğu” adı ilə satıldı – “Bazarstore” müştəriləri aldadır” başlığı altında xəbər paylaşılmış, xəbərin mətnində “Bazarstore” barəsində yanlış məlumatlar yer almışdır.

Belə ki, “Bazarstore” marketlər şəbəkəsində Belarusdakı broyler müəssisəsinin istehsalı olan toyuqların “Bütöv kənd toyuğu” adı altında satılaraq istehlakçıların aldadılması, üstəlik məhsulların istehlak müddətinin bitməsinə cəmi 1 ay qaldığı iddia edilmişdir.

Məlumat üçün qeyd edək ki, xəbər mətnində sözügedən “Bütöv kənd toyuğu” məhsullarını “Bazarstore” MMC birbaşa özü idxal etmir, müvafiq mülki-hüquqi müqavilə əsasında digər bir şirkətdən satın alır. Həmin şirkət tərəfindən bizə təqdim edilmiş sənədlərə (məhsulların istehsal olunduğu ölkədə istehsal sertifikatı, AQTA sertifikatı, istehsal olunduğu ölkədə qüvvədə olan müvafiq standartlar) əsasən qeyd etməliyik ki, adı çəkilən məhsullar “Qaraqaşlı Broyler”in təmsilçisi V.Hüseynovun iddia etdiyi kimi “broyler” toyuğu deyil, məhz “kənd” toyuğudur. Üstəlik məhsulların idxalına AQTA tərəfindən icazə verilmişdir.

Bu o deməkdir ki, həmin məhsulların tərkibində hər hansı təhlükəli maddə və ya xəstəlik riski olmayıb. Təmsilçinin digər bir iddiasına cavab olaraq bildiririk ki, məhsulların son istifadə tarixləri saxlama temperaturundan asılı olaraq,    -12 C dərəcədə 8 ay,  -18 C dərəcədə 12 ay, -25 C dərəcədə isə 14 aydır.