Dubayda COP 28 çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Albaniyanın Baş nazirinin müavini –infrastruktur və energetika naziri Belinda Balluku arasında görüş olub.
Bu barədə “Yeni Gundem”-ə Energetika Nazirliyindən məlumat verilib.
Görüşdə iki ölkə arasında münasibətlərin yeni müstəvidə inkişafından məmnunluq ifadə edilib. Albaniyanın enerji təhlükəsizliyinin təmin edilməsi və qaz tranziti ölkəsi kimi inkişafında Azərbaycanla enerji əməkdaşlığının mühüm rolu qeyd olunub. Albaniyanın Korça şəhərinin qazlaşdırılması, xam neftin tədarükü və digər perspektiv istiqamətlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupu əsasında Birgə Hökumətlərarası Komissiyanın yaradılması vəKomissiyanın iclasının Bakıda keçirilməsi ilə bağlı məsələlər də müzakirə edilib.