Belçikada İran əleyhinə etiraz aksiyası keçiriləcəkbackend

Martın 25-də Brüsseldə İran əleyhinə etiraz aksiyası keçiriləcək.

“Yeni Gundem” xəbər verir ki, aksiyanı Avropada yaşayan azərbaycanlılar keçirəcək.

Aksiya təşkilatçılarından olan Mahmud Bilgin APA-ya açıqlamasında aksiyanın əsas tələblərindən danışıb: “Əsas məqsəd İranda fars mollalarının Azərbaycan türklərinə qarşı hərəkətlərinə etiraz etməkdir. Biz də millətimizin milli maraqlarını müdafiə edərək, azadlıq və ədalətə çağıracağıq. Aksiya zamanı Güney Azərbaycanın bayraqlarını qaldıracağıq. Biz özümüzü dünyaya bəyan etməliyik, sübut etməliyik ki, Güney Azərbaycan amili nəzərə alınmadan siyasi cəhətdən heç bir demokratik irəliləyiş əldə edilə bilməz”.

Bilgin Avropa ölkələrinin də çağırışa cavab verdiyini qeyd edib: “Güney Azərbaycanın siyasi təşkilatları, milli fəallar aksiya üçün birləşib. İnanırıq ki, əməkdaşlıq vasitəsilə hərəkatı irəli aparacağıq və 25 mart milli bayrama çevriləcək. Azərbaycan vətəndaşlarına, diasporumuza, türk icmalarına da müraciət etdik. Biz bütün bacı-qardaşlarımızı yaxınlıqda görmək istəyirik ki, səsimiz eşidilsin. Aksiya iştirakçıları üçün xüsusi avtobuslar ayrılacaq. Tədbirdə Norveç, Almaniya, Fransa, İngiltərə, Danimarka, İsveç, Finlandiya kimi ölkələrin nümayəndələri iştirak edəcək. Düşünürəm ki, bu, Güney Azərbaycan məsələsində böyük irəliləyişlərə təkan verəcək”.

Aksiya Bakı vaxtı ilə 25 mart saat 14:00-da başlayacaq və 17:00-a qədər davam edəcək.

Aksiya Lüksemburq meydanından Şuman meydanına qədər davam edəcək.

Fərahim Rəhimov