“Bəxtiyar dedi ki, mədəsindən qan gəlib”backend

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin səhhətində ciddi problemlərin yarandığı bildirilir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Azərbaycan xidmətinə vəkil Zibeydə Sadıqova məlumat verib.

O deyib ki, B.Hacıyev artıq çox halsızdır, başgicəllənməsinin olduğunu bildirir:

“Həmçinin dünən, yanvarın 17-dən mədəsindən qan gəldiyini deyir. Bəxtiyar mənə dedi ki, hazırda saxlandığı Bakı İstintaq Təcridxanasındakı tibbi-sanitar hissəsinin həkimlərinə bu barədə bildirsə də, hələ də ondan analiz götürülməyib və özü müayinə olunmayıb”.

Vəkilin sözlərinə görə, B.Hacıyevi apellyasiya şikayəti ilə bağlı bu gün, yanvarın 18-də məhkəməsində görüb. Xətai Rayon Məhkəməsinin bundan əvvəl B.Hacıyevin ailə üzvləri, dostları ilə görüş və telefon danışıqları ilə bağlı vəsatətini qismən təmin edən qərarından apellyasiya şikayəti verilib. Amma təmin edilməyib (Yalnız ailə üzvləri ilə görüş və telefon zənglərinə icazə verildiyi bildirilir).

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.