“Bir erməni qonşumuz vardı, bizə deyirdi ki…” – Brilliant Dadaşovabackend

Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı kəndi, Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib. Mövzu ilə bağlı Yenisabah.az-la təəssüratlarını bölüşən Xalq artisti Brilliant Dadaşova Azərbaycan xalqı üçün müharibənin illər əvvəl başladığını deyib: “Bizim üçün müharibə indi yox, 1988-ci ildən başlayıb. Həmin il Topxana meşəmizi dağıtdılar və müharibə onda başladı. Dünyanın gözü ilə baxanda müharibə üç gündür başlayıb, bizim üçün yox. Biz Topxana meşəmizin dağıdıldığı xəbərini alanda necə məyus olduğumuzu xatırlayıram, mən onda universitetdə oxuyurdum. Mitinqlərə toplaşmağa başladıq, ilk dəfə “Haydı, haydı, ər igidlər, birləşin” sözləri ilə mahnılar oxumağa başladıq, o vaxt mahnıların sözləri Bədii Şuradan keçirdi, həmin vaxt mən Azərbaycan Dövlət Televiziyasının rəhbərliyindən də töhmət aldım. Xalqın qəlbində illərdir olan sözləri cənab Prezidentimiz bu gün əməli ilə göstərdi. Bu sözləri biz 30 ildir ki, ürəyimizdə saxlayırıq. 88-ci ildən  çalışırdıq ki, cavab verək, amma biz onda indiki qədər güclü deyildik. Şuşanın alınması və s. yanlış siyasətin nəticəsi idi. Bu gün biz öz torpaqlarımızı azad etmək üçün ayağa qalxmışıq, biz heç kimə müharibə elan etməmişik”.

Sənətçi hələ uşaq yaşlarından ermənilərin torpaqlarımızda gözü olduğunu eşitdiyini qeyd edib: “Mən balaca olanda bizim erməni bir qonşumuz var idi, atam onunla söhbət edəndə o deyirdi ki, “Zəngəzuru sizdən alacağıq”. Mən balaca uşaq idim bu sözləri özüm eşidirdim. Biz həmin vaxt Sovet hökümətinin uşaqları idik, heç xəbərimiz yox idi ki, Zəngəzur bizimdir, çünki məktəbdə tarix dərsində öyrətmirdilər ki, Zəngəzuru bizdən alıb, ermənilərə veriblər. Yaxşı, biz bu gün Zəngəzurdan danışmırıq, o artıq bizim tarixi torpaqlarımızdır, amma yaxın tarixdə əlimizdən alınan torpaqlarımızı tələb edirik, biz heç kimə müharibə elan etməmişik”.

B.Dadaşova beynəlxalq təşkilatların tərəfləri atəşi dayandırmağa və sülh danışıqlarını bərpa etməyə çağırmasına da münasibət bildirib:  “Beynəlxalq təşkilatların müraciətinə ancaq Prezidentimiz qərar verə bilər. Biz ona inanırıq, çünki o çox gözəl siyasətçidir. O, hətta Moskvada diplomatiyadan tələbələrə dərs keçib. Bu işi yaxşı bilir. Lazım bilərsə atəşi dayandıracaq və ya irəli gedəcək. Əlbəttə, o istəməz ki, bizim xalqımız, cavanlarımız təhlükəyə düşsün. Əgər atəşi dayandırılarsa, yəqin ki, Prezidentimizin də onlara qarşı şərtləri olacaq. Yalnız bu şərtləri qəbul etsələr, atəş dayandırılacaq. Biz ona güvənirik. Düşünürəm ki, bu işdə heç kim özünü Azərbaycan dövlətindən daha ağıllı hesab eləməməlidir”.