Kulis.az aktrisa, Xalq artisti Firəngiz Mütəllimova haqqında maraqlı faktları təqdim edir.
Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən şuşalıdır. Ailədə üç bacı, bir qardaş olublar. Valideynləri onun aktrisa olmağını istəməyib. Firəngiz xanım məşhurlaşandan sonra atası Bəhər kişi deyir:
“Əvvəllər Bəhər müəllimin qızı Firəngiz deyirdilər. İndi Firəngiz Mütəllimovanın atası Bəhər müəllim deyirlər. Bu, nədir? Mən şəhərə çıxa bilmirəm”.
1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa kimi işə götürülüb.
***
Teatrda fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Ancaq iş elə gətirib ki, ailə həyatı ilə bağlı bir müddət teatrdakı işindən ayrılıb. 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb.
Aktrisa “Qılınc və qələm”, “Əliqulu evlənir”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Bizim qəribə taleyimiz”, “Mahnı dağlarda qaldı”, “Şeyx Xiyabani”, “Tənha iydə ağacı”, “Həyatın dibində”, “Qanlı Nigar”, “Mənim ərim dəlidir”, “Poçt şöbəsində xəyal”, “Varlı qadın”, “Almaz” tamaşalarında bir-birindən maraqlı rollar ifa edib.
***
Xalq artisti “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Qaçaq Nəbi” (Sərvinaz), “Qocalar, qocalar” (Leyli), “Bəyin oğurlanması” (Telli), “İşarəni dənizdən gözləyin” (Sona), bədii filmlərində, “Mənim ağ şəhərim” (Ana), “Şərəf” (Mila xanım) filmlərdə aparıcı rollar oynayıb.
Azərbaycan Xalq artisti Firəngiz Mütəllimova bir dəfə ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran Firəngiz Mütəllimova bu evliliyə öz istəyi ilə son qoyub. Bu haqda o, müsahibələrinin birində deyir:
“Ailə həyatı qurdum, amma övladım olmadığına görə ayrıldım. Allahın işinə qarışa bilmərəm. Övladımın, ailəmin olmaması alın yazımdır və həyatda başqa şeylər də yaşaya bilərdim.
Bu sənət təkcə öz şəxsi həyatımı əlimdən alıb. Bəlkə də vaxtında ailə qursaydım, övladım olardı. Allaha qurban olum, nələrisə əlimdən aldı, nələrisə verdi. Mənim həyat qurmağa vaxtım çatmadı. Birdən-birə ardıcıl olaraq gündə 4 tamaşa məşq edirdim. O vaxt evim yox idi, kirayədə qalırdım. Bəzən iki-üç gün çörək tapmadığım vaxtlar olub. Belə şəraitdə kiminləsə görüşüb ailə qurmağa nə şərait vardı, nə də vaxt. İnanın ki, filmlərə də çəkilməyə vaxt tapmırdım. O qədər filmlərin çəkilişlərindən imtina etmişəm ki… Bəzən olur ki, aktrisa olmağıma acığım tutur. Görürsən, sənə elə söz göndərirlər ki, lap ətin tökülür. Bəziləri elə bilirlər ki, ciblərində bir az pulları varsa, deməli, kişidilər. Kişilik başqa şeydir, pulla ölçülə bilməz. Bəzən elə əsəbiləşmişəm ki, hətta bu teatrdan çıxıb getmək istəmişəm. Amma getməmişəm. Bir dəfə teatrdan uzaqlaşmışam, qayıdandan sonra da ikiəlli teatra bağlanmışam. Başa düşmüşəm ki, Allah məni bu sənət üçün yaradıb. Bütün arzularımı həyata keçirmişəm. Təkcə bir arzum qalıb ki, Şuşaya qayıdım. Yayın istisində Bakıda adamın canı çıxır, gedib ləzzətlə orada öz evimizi yenidən qurardım. Bir olan Allaha and olsun ki, hər gecə yuxuda Şuşaya gedirəm”.
Aktrisa “Topal Teymur”, “Yad qızı” televiziya tamaşalarında iştirak edib. Ancaq ona ən böyük uğuru 1981-ci ildə çəkilən “Səni axtarıram” tamaşasındakı Gülnar rolu gətirib. Tamaşada Xalq artisti Yaşar Nuri ilə tərəf müqabili olan aktrisa sonralar müsahibələrinin birində bu haqda deyir:
“İnsanların sevgisinin “Gülnar” obrazına, yoxsa Firəngizə olduğunu anlamırdım. Bir növ şübhə altında qaldım. “Gülnar” məni insanlardan uzaqlaşdırdı. Bir gecədə məşhurlaşdım. Onda mənim 21 yaşım vardı. Gecəni Firəngiz kimi yatıb, səhər Gülnar kimi ayıldım. Xeyli tamaşaçı sevgisi qazandım, indiyə qədər də mənə “Gülnar” deyirlər. Bir həftənin içində həyatımda bomba partladı. Ancaq şəxsi həyatım darmadağın oldu. Bir günün şöhrəti həyatımı alt-üst etdi. “Gülnar”ın həyatı ilə haradasa oxşarlığımız var. Bir oğlan hisslərini deyəndə, çaş-baş qalırdım ki, görəsən o, məni sevir, ya “Gülnar”ı? Bir həftənin içində insanlardan atom sürətilə ayrıldım. Heç nəyə inanmadım. Hətta həqiqi sevənlərə də. İndiki ağlım olsaydı, “Gülnar”ı oynamazdım. Bilsəydim ki, başıma bunlar gələcək, əsla canlandırmazdım”.
canlandırmazdım”.
Bu tamaşadan sonra tamaşaçılar Yaşar Nuri ilə aktrisanı bir-birinə yaraşdırmağa başlayırlar. Onların sevgili olması haqqında şayiələr artmağa başlayır. Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım müsahibələrinin birində həyat yoldaşının Firəngiz xanımı sevdiyini deyəndən sonra Firəngiz xanım məsələyə belə münasibət bildirir:
“Nə bilim, vallah, Yaşarı mən həddindən artıq çox istəyirdim. Əslində, o mənim gənclik sevgim olub. Amma özü mənə heç vaxt deməyib ki, səni sevirəm. Biz çox yaxın dost olmuşuq. Mən onun yalnız Rəhimə xanımı sevdiyini bilirəm. Doğrudur, qastrol səfərlərində olanda həmişə məni qoruyub, orda oturma-burada otur, filan, mən də bunu bir böyük qardaş kimi etdiyini düşünmüşəm. Sözün düzü Rəhimə xanım da sağ olsun, heç vaxt bizi qısqanmayıb. Hər dəfə mən onlara gedəndə gülə-gülə deyirdi ki, Yaşar sevgilin gəldi. Biz sadəcə çox yaxın dost olmuşuq, bəlkə də Rəhimə xanım bunu nəzərdə tutub”.
Bu tamaşadan sonra aktrisaya çoxsaylı tamaşaçı məktubları gəlməyə başlayır. Firəngiz xanım həmin günləri belə xatırlayır:
“O vaxtlar mobil telefonlar olmadığına görə, məktublar alırdıq. Dəqiq deyə bilərəm ki, həmin dövrlərdə teatrda ən çox məktub alan aktrisa mən idim. Hər gün mənə ən az onlarla məktub gəlirdi. Tamaşaçılardan, pərəstişkarlarımdan cürbəcür məktublar gəlirdi. Sevgi məktubları da alırdım. Onların hamısı mənim üçün çox maraqlı idi. Onları yığıb-toplamışdım. Hətta yaxın müddətə qədər saxlayırdım. Sonra evdən-evə köçəndə bəzi kitablarımla birgə o məktublar da yoxa çıxdı. Mənim manyak pərəstişkarım olmayıb, amma bir dəfə məni şantaj etmək istəyirdilər. Rayon adı çəkməyəcəyəm, amma tam fərqli bir rayondan idi. Həmin vaxtlarda direktorumuz Həsənağa Turabova müraciət etdim ki, belə bir iş var. Bir nəfər məni şantaj edir, hədə-qorxu zəngləri gəlir. O da heç narahat olmamağımı tapşırdı. Hardasa üç-dörd günə həll
olundu, qurtardı. Ondan sonra yox, narahat edən olmayıb”.
2013-cü ildə aktrisanın səhhəti qəfildən pisləşir, başında kəskin ağrılar yaranır. Bakıda müayinələrdən keçən aktrisaya həkimlər Türkiyəyə getməyi məsləhət görürlər. Əməliyyat keçirməli olan aktrisa orada rəsmi sənədə sənədlərə imzalayır atır. Bu imza ilə aktrisa əməliyyatdan sağ çıxmamaq ehtimalının olmasını anlaqlı şəkildə qəbul edir. Ancaq əməliyyat uğurlu keçir, Firəngiz xanım sağ-salamat Bakıya qayıdır.
***
Hazırda Dram Teatrında fəaliyyət göstərən aktrisa 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2000-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülüb.