İndi Lənkəran camaatını ən çox narahat edən yol problemidir. Rayonda illərlə təmir üzü görməyən yollarda artıq hərəkət etmək qeyri-mümkündür. Lakin insanları eşidib, respublikamızın indiki dinamik inkişafda olduğu dövrdə onların narahatçılığına əncam çəkmək aidiyyəti qurumları düşündürmür.
Hətta hər bir vətəndaşın rahatlığı, xoş güzəranı üçün çalışan dövlət rəhbərinin bu məqsəd üçün ayırdığı vəsait mənimsənilir. Nəticədə öz dövlətini sevən, onun başçısına ürəkdən inanan lənkəranlı rayonda səlahiyyət sahiblərin özbaşınalığı ucbatından dağılmış, artıq ömrünü başa vurmuş yollarda əziyyət çəkir. Halbuki, Prezident məmurlara vəzifə tapşıranda birinci növbədə onlardan insanlara layiqli xidmət göstərməyi tələb edir…
Lənkəran rayonunun Digah və Şilavar kəndlərini birləşdirən yol tam sıradan çıxıb. Bu yolun hazırda ciddi təmirə ehtiyacı var. Gün ərzində yoldan yüzlərlə vətəndaş istifadə edir. Asfaltı dağılmış, hər addımbaşı çuxurlar yaranmış yolda gediş-gəliş təhlükəlidir. Əksər hissəsində çalalar o qədər dərindir ki, yağan yağış suları yaya kimi qurumur. Payızı, qışı daha pis olur. Məcburiyyət qarşısında yola çıxan mənzil başına salamat çatacağına inanmır. Bir-iki dəfə yolda hərəkət edən təzə avtomobil dağılır…
Əhali bildirir ki, yaranmış vəziyyətlə əlaqədar aidiyyəti təşkilatlara müraciətlər olunub. Amma dağılmış yolu qaydaya salan yoxdur: “Əgər istəsələr, bu çox da çətin məsələ deyildir. Sadəcə rayonda ölkə rəhbərinin öz vətəndaşların rahat yaşaması naminə gördüyü işlərə kölgə salanlar vardır. Buna görə də yolun təmirindən ötrü artıq yerli məmurlardan heç nə gözləmirik. İndi ümid yerimiz yalnız xalqın böyük etimadını qazanaraq yenidən Prezident seçilən İlham Əliyevədir”.
Hurriyyet.az