Bir kərə yüksələn bayraq bir daha enməz!backend

Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə ola bilməz. Ulu və zəngin tarixə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət naminə uzun və mübarizələrlə dolu bir yoldan  keçmiş və qəhrəmanlıq salnaməsi yazmağa nail olmuşdur.

Hər  bir dövlətin öz rəmzləri olmalıdır: bayrağı, gerbi , himni. Bu rəmzlərdən olan bayraq nədir , nə ifadə edir?

Bayraq – bir ölkəni, quruluşu, təşkilatı işarələyən, əsasən  parça materialdan olan, dövlət rəmzi olub, inqilablar, müharibələr, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında ucalan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur.Bayraq müqəddəsdir, bir dövləti təmsil edən əsas rəmzlərdəndir. Bayrağın üzərində olan  hər rəng və simvol bir özəl mənaya sahibdir. Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır.  Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi kimi qəbul olunur.

Varlığımızı təsdiqləyən bayrağımız bütün tarixi, əlamətdar günlərdə, dövlət başçılarının rəsmi səfərlərində, beynəlxalq tədbirlərdə, idman yarışlarında Azərbaycanın adını yüksəldiyi ucalıqlardan dünyaya çatdırmağı bacarır.Azərbaycan bayrağı bütün dövlət təşkilatlarının, respublikamızdan kənarda diplomatik korpuslarımızın, nümayəndəliklərimizin binaları üzərində müstəqilliyimizin rəmzi kimi dalğalanır. Beynəlxalq tədbirlərdə dünya dövlətlərinin bayraqları arasında Azərbaycanın simvolu kimi dayanır.

Bayrağımız- suverenliyimizin rəmzi dövlətimizin müstəqilliyi uğrunda canlarını fəda etməyi bacarn  oğul və qızlarımızın qanı ilə boyanmışdır. Milli yaşam fəlsəfəmiz  kimi bilinən  bayrağımızın rəngləri ilə bağlı fikirləri  Ümummilli Liderimiz Heydər Əliyev öz dühası ilə əbədiləşdirməyi  və dünya durduqca var etməyi bacarmışdır.

Ölkəmizdə üçrəngli dövlət bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti(XC) hökumətinin qərarı ilə qəbul edilmişdir.Bir müddət sonra isə  1920-ci il aprelin 28-də XC süqut etmiş  və Sovet hakimiyyətinin  qurullması ilə Azərbaycanda bu bayraqdan imtina olunmuşdur.

İkinci dəfə isə  1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa olunmuş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir.

1991-ci ildə yenidən əldə etmiş olduğumuz  müstəqillik xalqımızın ötən əsrin əvvəlləri üçün  yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi kimi özünü təcəssüm etdirirdi.

Oktyabrın 18-i 1991-ci ildə  “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Hər il noyabrın 9-u Azərbaycan Dövlət Bayrağı günü kimi qeyd olunur. Bir kərə yüksələn bayraq bir daha enməz!

Mamedova Fəridə-YAP-ın üzvü