“BMT-dəki nümayəndəmiz bu məsələni gündəmə gətirməlidir” – Deputatbackend

İran əslində bütün əməllərinə, düşüncə tərzinə, davranışlarına görə orta əsrlər dövrünü yaşayır: “İrandakı insanların fundamental hüquqları ayaqlar altındadır, qadınlar xüsusi olaraq ciddi təzyiq altında yaşayır, eyni zamanda, digər insanların da hüquq və azadlıqları birmənalı olaraq yoxdur. Nəticədə bu gün İranda yaşından, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs ayaqdadır və hamısı molla rejiminə qarşı qətiyyətli mövqeyini ortaya qoyur, əli yalın öz haqları və hüquqları uğrunda mübarizə aparır. Görünəni də budur ki, bu mübarizə İran fars rejiminin çökməsinə qədər davam edəcək.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı Cənubi Azərbaycan haqqında danışarkən deyib.

O qeyd edib ki, Cənubi Azərbaycanın hədəfi milli hüquqlara söykənən müstəqil dövlətin yaradılmasıdır.
“Təbii ki, bu hadisələrində içərisində güneyli soydaşlarımız da yer alır. Onlar təkcə fundamental hüquqlarından məhrum deyillər, eyni zamanda, milli hüquqlarını da ala bilmirlər. Belə ki, məlum olduğu kimi, güneyli soydaşlarımızın ana dilində məktəbi, qəzet və dərgisi yoxdur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dilinin orada ədəbi komponentləri itirilib, məişət dili səviyyəsinə endirilib.Daha bir məsələ – Cənubi Azərbaycanın bir incisi olan Urmiya gölü qurudulur. Əlbəttə ki, bu məqsədli şəkildə edilir. Məqsəd oradakı soydaşlarımızın başqa yerlərə köçürülməsi, deportasiya edilməsi, oranın əhalisinin fars və digər xalqların əhalisi ilə əvəz edilməsidir.

Belə bir durumda güneyi soydaşlarmız öz haqlarını qorumaq, təmin etmək üçün artıq ciddi mübarizənin içərisindədirlər və əvvəlki illərdən nəticə çıxaraq, daha təmkinli, daha düşünülmüş, daha sistemli şəkildə mübarizələrinin ortaya qoyurlar. Hədəf – milli hüquqlara söykənən müstəqil dövlətin yaradılmasıdır. Müşahidə də edirik ki, səslənən şüarlarda müstəqil dövlət yaratmaq fikirləri əks olunur.Azərbaycan Prezidenti İlham Əliyevin güneyli soydaşlarımızın hüquq və azadlıqları haqqında üç platformada söyləmiş olduğu fikirlər, birmənalı şəkildə dövlətimizin cənublu soydaşlarımızın yanında olmasını deməsi milli-azadlıq hərəkatının mübarizəsinə ciddi təsir göstərməkdədir: “Müşahidələrimizə əsasən deyə bilərəm ki, soydaşlarımızın əvvəlki illərdən fərqli olaraq indiki hədəfi milli hökumətin yaradılması hədəfdir və əlbəttə buna nail olacaqlarına heç şübhəm yoxdur.”

Fərahim Rəhimov