Müdafiə naziri Taqarev bildirib ki, tikiləcək obyektlərdə 5 min NATO hərbçisi yerləşdiriləcək. Layihə çərçivəsində tikiləcək işlərin siyahısı paylaşılıb. Bolqarıstan minlərlə NATO əsgərini qəbul etmək üçün hərəkətə keçib.
Müdafiə naziri Todor Taqarev, planın təfərrüatlarını paylaşan açıqlamasında, işlərin nələri əhatə edəcəyini açıqlayıb.
Taqarev, ehtiyac yaranarsa, 5 minə qədər NATO hərbçisinin yerləşdirilməsi üçün ölkədə lazımi infrastruktur işlərinə başlanılacağını bildirib.
Taqarev bTV adlı özəl televiziya kanalına açıqlama verib. ABŞ-a bu yaxınlarda başa çatan səfərini dəyərləndirən Taqarev bildirib ki, Bolqarıstanda qurulacaq NATO obyektləri və onlarla əlaqəli infrastrukturun dəyərinin təxminən 6 milyard avro olacağı gözlənilir.
Taqarev bildirib ki, NATO personalının ehtiyacları üçün hazırlanacaq obyektlərlə yanaşı, yol, dəmir yolu tikintisi və digər işlərin də aparılması nəzərdə tutulur.
Lazımi maliyyənin ABŞ, NATO və Avropa İttifaqının (Aİ) müxtəlif fondları tərəfindən dəstəklənəcəyini izah edən Taqarev deyib: Bolqarıstan ərazisində müttəfiq qoşunların sürətlə yerləşdirilməsi üçün boru kəmərləri, material ötürmə bölmələri və anbarları da tikiləcək. Biz bütün bu məsələlər üzərində işləyirik
Taqarev NATO çərçivəsində görülən təhlükəsizlik tədbirlərinə də toxunaraq deyib:
NATO-nun şərq cinahı ölkələrindəki bütün (çoxmillətli) döyüş qruplarının briqada döyüş qruplarına çevrilməsi planlaşdırılır. Batalyonlardan briqadalara çevriləcək bu qrupların hər birində şəxsi heyət 5 min nəfərə qədər ola bilər.
Bu, lazım olanda baş verəcək, hazırda dəqiq qrafikimiz yoxdur. Bunun baş verəcəyi şərtləri təmin etməyə hazır olmalıyıq.
Bolqarıstanın ABŞ-dan təqribən 1,25 milyard avroya 200 ədəd “Stryker” tipli zirehli hərbi maşın aldığını xatırladan Taqarev, bunların 2025-2028-ci illərdə ölkəyə təhvil veriləcəyini bildirib.
Taqarev bəyan edib ki, ölkə bu maşınlara regional texniki xidmət və təmir mərkəzi olacaq və bunun üçün Veliko Tırnovo şəhərindəki Terem Silah Zavodlarının imkanlarından istifadə olunacaq.
Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)
Aynur Camal